İsveçdə İraq əsilli Salvan Momika Stokholmdakı İran səfirliyi qarşısında Qurana hücum edib, ayaqqabılarını İran prezidenti İbrahim Rəisinin şəkli və İran bayrağı ilə silib.
Sitat.info xəbər verir ki, polis müşayiəti ilə Stokholmdakı İran səfirliyinin qarşısına gələn Momika ətrafdakıların reaksiyasına baxmayaraq Quranın üstünə çıxıb. Ayaqlarını İran bayrağına və İran prezidenti İbrahim Rəisinin şəklinə silən Momika daha sonra Qurani-Kərimi, Rəisinin şəklini, İran və İraq bayraqlarını yandırıb.
Najem adlı İraq vətəndaşı Momikaya kömək edib.
Nümayişçilər arasında olan bir qadın Momikanın yandırdığı Qurana yanğınsöndürənlə müdaxilə edib. Duman ərazini bürüyərkən polis qadını zərərsizləşdirərək nəzarətə götürüb.
Aksiyadan sonra zirehli polis maşını ilə hadisə yerini tərk edən Momika və Najemi 10-u zirehli olmaqla 20 polis maşını və təxminən 100 polis müşayiət edib.
Qeyd edək ki, son vaxtlar İsveç və Danimarkada Qurana qarşı hücumlar intensivləşib, bu təxribatlar dünyada kəskin reaksiya ilə qarşılanır.
Nərgiz,
Sitat.info