Lazım gələrsə, ukraynalı pilotlara F-16 təlimi verməyə hazırıq - Pentaqon

11:50 22 Avqust 2023

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) lazım gələrsə, ukraynalı pilotlara F-16 təlimi verməyə hazır olduqlarını bildirib.
Sitat.info xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq mətbuat konfransında sözügedən təlimlə bağlı açıqlamalar verib.

Avropalıların F-16 təliminə “bacardıqlarından daha çox” ehtiyac duyduqları təqdirdə ABŞ da bu  addımı ata bilər: "Avropada potensialın dolması halında mövcud pilotların yetişdirilməsinə açığıq. Əgər onların planlaşdırdıqları pilotları yetişdirmək imkanları yoxdursa, o zaman biz təlimdə kömək edəcəyik".  

Sinq həmçinin bildirib ki, ukraynalı pilotların F-16-ları idarə etməyə hazır olması üçün "ciddi ingilis dili təlimi" keçmələri üçün müəyyən vaxt lazım olacaq.

Ukraynaya F-16-ların tədarükü üçün Hollandiya və Danimarka başda olmaqla bəzi dövlətlər may ayında NATO-da geniş istifadə olunan ABŞ istehsalı olan F-16 döyüş təyyarələri üçün ukraynalı pilotlara təlim keçmək barədə razılığa gəliblər.

Danimarka Ukraynalı pilotların 4-6 ay davam edən təlimi başa çatdıqdan sonra, ilin sonuna qədər Ukraynaya 19 ədəd F-16 tədarük edəcəyinə söz vermişdi.

Ukrayna prezidenti Vladimir Zelenski avqustun 20-də Telegram hesabında etdiyi paylaşımda Hollandiya və Danimarkadan ümumilikdə 61 ədəd F-16 alacaqlarını bildirib.

ABŞ F-16 döyüş təyyarələrini Ukraynaya çatdırmaq üçün Hollandiya və Danimarkaya yaşıl işıq yandırdıqdan sonra Zelenski avqustun 20-də Hollandiyaya səfər edib və sonra Danimarkaya keçib.

Nərgiz,

Sitat.info



Xəbər xətti