“Saxta marşalımız (Rusiyanın müdafiə naziri Sergey Şoyqu nəzərdə tutulur) xüsusi əməliyyatın uğurlu birinci mərhələsindən bəhs edir. Təbii ki, əksini deməyəcək ki. Heç vaxt deməz”.
Sitat.info "Report”a istinadən xəbər verir ki, bunu “Donetsk Xalq Respublikası”nın sabiq “müdafiə naziri” İqor Girkin “Radar”a müsahibəsində söyləyib.
“Bu səbəbdən, görünür, bizimkilər istənilən halda oradan (Kiyev istiqaməti ) çəkilməli və qoşunları nəsə etməyin mümkün olduğu yerə göndərməli olacaqlar. Düzü, “qızıl ay”ı, birinci ayı geridə qoyaraq bizim qoşunların Ukraynanın Donetsk qruplaşmasını mühasirəyə alaraq məhv edə biləcəyinə şübhə edirəm. Təəssüf ki, Ukrayna komandanlığı hərbi nöqteyi-nəzərdən Rusiyanınkından qat-qat adekvat hərəkət edir. Məni xain və s. adlandıra bilərsiniz. Mən nə də olmasam da, az döyüş təcrübəsi olmayan peşəkar xüsusi təyinatlıyam”.
Qeyd edək ki, İqor Girkin separatçıların “müdafiə naziri” olmadan öncə uzun müddət Rusiya Federal Təhlükəsizlik Xidmətində şöbə rəisinin müavini vəzifəsində çalışıb. Hazırda o, Donbasdakı separatçıları, qondarma quruluşları dəstəkləyən “Novorossiya” ictimai hərəkatının rəhbəridir.