Müdafiə Nazirliyi hazırda hərbi xidmətdə olan Fərid İsmayılovun xidmət keçdiyi hərbi hissədəki çatışmazlıqlar barədə sosial şəbəkə hesabından etdiyi paylaşımdakı iddialarına münasibət bildirib.
SİTAT.İNFO xəbər verir ki, Müdafiə Nazirliyindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar:
"Bildirik ki, hərbi qulluqçunun məlum müraciətində səsləndirilən fikirlər yalandır, əsassızdır. Bu kimi qeyri-adekvat çıxışlar Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir.
Sosial şəbəkələr vasitəsilə Ordumuzun xidməti fəaliyyətinə müdaxilə edilməsi cəhdini qəti surətdə pisləyir və belə addımları yolverilməz hesab edirik”.
Qeyd edək ki, F.İsmayılov paylaşımında xidmət etdiyi hərbi hissədə generator olmadığını, aylarla içməli su, qida problemi yaşadıqlarını bildirib. O həmçinin səhhətində problem olduğunu, lakin bununla bağlı müraciətlərinin də cavabsız olduğunu deyib.