Almaniyada “Berlin Enerji Keçidi Dialoqu” tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri Virgil Daniel Popesku və Almaniya Enerji Agentliyinin baş icracı direktoru Andreas Kulmanın rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşüb.
Energetika Nazirliyindən “Apa-Economics”ə verilən məlumata görə, Rumıniyanın energetika naziri ilə baş tutan görüşdə perspektivdə Azərbaycandan təbii qazın tədarükünü, bu istiqamətdə ölkələrin müvafiq şirkətləri arasında əməkdaşlığı əhatə edən məsələlər müzakirə edilib.
Həmçinin Azərbaycan və Gürcüstan ilə Rumıniya arasında Qara dəniz sualtı elektrik enerjisi və rəqəmsal qoşulma layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Layihə üzrə İşçi Qrupu çərçivəsində atılacaq addımlar nəzərdən keçirilib. Bu layihə Xəzər dənizində külək enerjisi potensialının reallaşdırılması ilə elektrik enerjisinin ixracı aspektində dəyərləndirilib.
Almaniya Enerji Agentliyinin (DENA) baş icracı direktoru Andreas Kulman və icraçı direktoru Kristina Haverkamp ilə keçirilən görüşdə isə bərpa olunan enerji sahəsində əməkdaşlıq mövzusu prioritet olub. 4 pilot layihə təklifinin hazırlanması ilə Azərbaycanda mərkəzləşdirilməmiş bərpa olunan enerjinin inkişafı istiqamətində Agentliklə əməkdaşlıq yüksək qiymətləndirilib. Müzakirələr zamanı pilot layihələrin tətbiqi ilə bağlı məsələlər və tövsiyələr nəzərdən keçirilib, intensiv təmasların davam etdirilməsi razılaşdırılıb. Bərpa olunan enerji üzrə DENA ilə əməkdaşlığın genişləndirilməsinə maraq ifadə edilib.