Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Qarabağdakı ermənilərin vəziyyəti ilə bağlı Azərbaycan və Ermənistanla təmaslarını davam etdirdiyi, Laçın dəhlizinin və Ağdam yolunun açılması ilə bağlı mərhələli təklif irəli sürdüyünü bildirilib.
Sitat.info xəbər verir ki, Avropa Şurası prezidentinin ofisindən verilən açıqlamaya görə, Mişelin komandası son günlər Qarabağdakı ermənilərin yaşadıqları ərazilərə çıxışla bağlı Bakı, İrəvan və Qarabağdan olan ermənilərin nümayəndələri ilə əlaqə saxlayır.
Açıqlamada Mişelin Laçın dəhlizinin və Ağdama gedən yolun açılması ilə bağlı mərhələli təklif irəli sürdüyü, son danışıqlarda bu mərhələlərin sırası və hansı yükün olacağı kimi təfərrüatların olduğu bildirilib.
Aİ-nin Laçın dəhlizinin açılmalı olduğuna inandığı vurğulanan bəyanatda, Ağdam yolundan istifadənin də təcili gündəlik ehtiyacların ödənilməsi üçün həll yolunun tərkib hissəsi ola biləcəyi vurğulanıb.
Həmçinin Azərbaycan və Qarabağ erməniləri arasında dialoqun qarşılıqlı etimadı gücləndirməli olduğu və Aİ-nin bu məqsədlə müxtəlif təkliflər irəli sürdüyü qeyd edilib.
Azərbaycan bir müddətdir ki, Ermənistandan sərhədçilərin atəşə tutulması və qaçaqmalların Beynəlxalq Qızıl Xaç Təşkilatının avtomobilləri ilə daşınmasını əsas gətirərək Qarabağda yaşayan ermənilərin Ermənistana və Ermənistandan gələrkən istifadə etdikləri Laçın-Xankəndi yolunda hərəkəti məhdudlaşdırıb.
Mülki vətəndaşlar üçün açıq olan marşrutla ağır avtomobillərin keçməsinə icazə verilmir.
Qarabağdakı erməni əhalisinin "humanitar böhranla üzləşdiyini" iddia edən Ermənistanın yolun bağlı olduğunu əsas gətirərək rəsmi Bakıdan icazəsiz göndərdiyi "humanitar yük" maşınları bir aya yaxındır ki, sərhəddə saxlanılır.
Rəsmi Bakı Qarabağdakı erməni əhalisi üçün Ağdam-Xankəndi marşrutunu təklif edir.
Nərgiz,
Sitat.info