“Burada ermənilərin törətdikləri cinayətlərin şahidi olduq”.
Sitat.info xəbər verir ki, bunu Gəncədə səfərdə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü Muhammad Sulaiman Laval deyib.
O bildirib ki, Gəncəyə səfərin əsas məqsədi Ermənistanın törətdiyi müharibə cinayətlərini yerində araşdırmaq, əldə olunan faktlar əsasında hesabat hazırlayıb beynəlxalq ictimaiyyətə çatdırmaqdır: “Burada uşaqların, mülki şəxslərin həlak olmasından çox təəssüfləniriik. Bütün bunları beynəlxalq ictimaiyyətin diqqətini çatdıracağıq”.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədir. Nümayəndə heyəti dünən işğaldan azad edilmiş Füzuli və Ağdam rayonlarına da səfər ediblər.
Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.