Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Soçidə görüşüb.
Sitat.info xəbər verir ki, iki lider burada keçirdikləri mətbuat konfransında müzakirə edəcəkləri məsələlərlə bağlı qısa açıqlama veriblər.
Dünyanın təqib etdiyi mətbuat konfransında danışan Putin, “Seçkilərdən sonra ilk dəfə üz-üzə görüşürük. İki ölkə arasında ticarət dövriyyəmiz artır. Enerji sahəsində əlaqələrimiz sürətlə inkişaf edir. Biz Ukrayna böhranı və taxıl dəhlizindən danışacağıq" - deyə bildirib.
İki ölkə arasındakı əlaqələrə və kritik danışıqlar çərçivəsində taxıl dəhlizinə də toxunan Ərdoğan isə bu sözləri deyib: “Sinop atom elektrik stansiyası ilə bağlı bir addım atmalı olacağıq. Təbii ki, Trakyada bir Hab olması da inkişafın başqa bir elementidir. Türkiyə ilə Rusiya arasında atılan ən mühüm addımlardan biri də turizmdir. Rusiya bizim üçün turizmdə bir nömrədir. Ən vacib addım odur ki, bu gün hamı taxıl dəhlizi mövzusuna diqqət kəsilib və bu görüşdən nə çıxacağını gözləyirlər. İnanıram ki, görüşlərimizin sonunda mətbuat konfransında veriləcək mesaj dünyaya, xüsusən də inkişaf etməmiş Afrika ölkələrinə doğru bir addım olacaq”.
Ankara ilə Moskva arasındakı ticarət əlaqələrinə də toxunan Ərdoğan deyib:“Türkiyə ilə Rusiya arasındakı münasibətlərdə indiki xarici ticarət həcmimizin 62 milyard dollar olması və 100 milyard dollarlıq hədəfə doğru getdiyimiz üçün çox xoşbəxtik. Hesab edirəm ki, Mərkəzi Bank rəhbərlərimizin bir araya gələrək bir-biri ilə danışması, ikitərəfli münasibətlərimizdə milli valyutaya addım atmaq baxımından da önəmlidir".
Nərgiz,
Sitat.info