ABŞ-ın Ukraynaya hərbi yardımı 45 milyard dollara yaxınlaşıb

16:56 11 Sentyabr 2023

ABŞ prezidenti Co Bayden 2021-ci il yanvarın 20-də vəzifəyə gəldikdən bəri ABŞ Ukraynaya 44,4 milyard dollar hərbi yardım göstərib/

Bu yardımın 43,7 milyard dolları isə Rusiya-Ukrayna müharibəsinin başladığı 24 fevral 2022-ci ildən bəri verilib.
Sitat.info xəbər verir ki, Ukrayna-Rusiya müharibəsi davam edərkən, ABŞ Ukraynaya ən çox yardım göndərən ölkə oldu.

Ukraynaya beynəlxalq yardımları tərtib edən Almaniyada yerləşən Kiel Dünya İqtisadiyyat İnstitutu, müharibə başlayandan bəri ABŞ-ın Ukraynaya humanitar, maliyyə və hərbi dəstək də daxil olmaqla, təxminən 76 milyard dollarlıq yardım etdiyini açıqlayıb.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) məlumatına görə, ABŞ müharibə başlayandan bəri Ukraynaya 2,6 milyard dollar humanitar yardım edib.

ABŞ-dan maliyyə yardımının dəyəri ilə bağlı rəsmi açıqlama olmasa da, Kiel Dünya İqtisadiyyatı İnstitutu bu yardımın təxminən 27 milyard dollar olduğunu iddia edir.

ABŞ müharibə başlayandan sonra Ukraynaya ilk hərbi yardım paketini göndərib. Bayden 350 milyon dollarlıq hərbi yardım paketini Rusiya-Ukrayna müharibəsinin başlamasından bir gün sonra təsdiqləyib.

Pentaqonun bəyanatına görə, bu paketə atıcı silahlar və döyüş sursatları, həmçinin “Ukraynanın ön xətt müdafiəçiləri” üçün zireh və texnika daxildir. Bayden, 13 aprel 2022-ci ildə verdiyi yazılı açıqlamada, Ukraynaya 800 milyon dollarlıq əlavə silah və müdafiə yardımı edəcəklərini açıqladı.

2022-ci ilin iyulunda Pentaqon, Rusiya məktəblər və xəstəxanalar kimi infrastrukturu hədəfə almağa başladığı üçün Ukraynaya qabaqcıl hava hücumundan müdafiə sistemləri də daxil olmaqla əlavə 820 milyon dollar təhlükəsizlik yardımı edəcəyini açıqladı.

Birləşmiş Ştatlar Ukraynaya bir il ərzində təxminən 30 milyard dollar silah və texnika verib.

Pentaqonun hesabatlarından toplanan məlumatlara görə, ABŞ müharibənin birinci ilində Ukrayna ordusuna 29,8 milyard dollar dəyərində silah və texnika verib.

Nərgiz,

Sitat.info



Xəbər xətti