"Ermənistan Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edə biləcəyinə ciddi yanaşmır, bunu istisna edirdi".
SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Global Media Group”un media direktoru Həmid Həmidova “Baku TV”nin canlı yayımında verdiyi müsahibəsində bildirib.
“Onlarla təmasda olduğum dövrdə bunu başa düşmürdülər. Erməni tərəfindəki həmsöhbətlərimə deyirdim ki, axırda işi elə yerə çatdıracaqsan, müharibə olacaq. Buna hətta müharibə deməsək belə, tənzimlənən böhran olacaq. Belə də oldu” - deyən sabiq nazir qeyd edib ki, Ermənistan rəsmiləri ilk vaxtlarda konstruktiv danışıqlara hazır olduqlarını bildirsələr də, sonradan bu mövqedən uzaqlaşdılar:
“Son illər deyirdilər ki, bunu Ermənistan əhalisinə “sata” bilmərik. Açıq deyirdilər ki, hamısını başa düşürük, amma əhaliyə bunu yedizdirə bilmərik, bizi başa düşməzlər”.
E.Məmmədyarov qeyd edib ki, ATƏT-in Misk qrupu həmsədrləri də vəziyyətin dalana dirəndiyinin fərqində olublar:
“Növbəti dəfə həmsədrlərə məsələnin böhranla qurtaracağını deyəndə onlardan biri dedi ki, gəlin böhran edin, heç olmasa bir nöqtədən tərpənərik. Yəni həmsədrlər də vəziyyətin çıxılmaz olduğunu başa düşürdülər”.
Sabiq nazirin qənaətincə, dövlət başçısı İlham Əliyevin rəhbərliyilə aparılan Vətən müharibəsi nəticəsində işğal altındakı torpaqların azad olunması ilə yanaşı, Azərbaycan xalqı qürur, ləyaqət hissini özünə qaytara bildi: “Bu da çox mühüm psixoloji məqamdır. Ermənilərlə birbaşa təmasda olan bir adam kimi bunu birmənalı təsdiq edirəm”.