Liviyanın şərqini vuran seldən ən çox zərər görən Dərna şəhərində dağıntılar altındakı cəsədlər çürüməyə başlayır və kanalizasiya sularının içməli suya qarışması epidemiya təhlükəsini günü-gündən artırır.
Sitat.info xəbər verir ki, Liviya Xəstəliklərlə Mübarizə Mərkəzinin direktoru Heydər əs-Saihin açıqlamasına görə, Dərnədə kanalizasiya sularının içməli suya qarışması səbəbindən 150 zəhərlənmə hadisəsi aşkarlanıb.
10 mindən çox insanın hələ də itkin düşdüyü Dərnədə, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinə (OCHA) görə, yerli media və sahə fəalları, qurdların olduğu cəsədlərə şəhər küçələrində tez-tez rast gəlindiyini, çürümüş cəsədlərin qoxusunun hakim olduğunu bildirirlər.
Dağıntılar altındakı meyitlərin və heyvan cəsədlərinin çürüməsi nəticəsində yayılan pis qoxu 200 min əhalisi olan şəhərin qalan hissəsini təhdid edir, 40 mindən çox insan ətraf şəhərlərə köç etməyə başlayıb.
Seymur Bənnayev
Sitat.info