Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə 2 görüş keçiriləcək.
Turun açılış matçında "Qarabağ" "Azersun Arena"da "Səbail"i qəbul edəcək. Hazırda 1 oyun az keçirən Ağdam klubu 46 xalla turnir cədvəlinə başçılıq edir. 11 xalı olan paytaxt təmsilçisi isə sonuncu - 8-ci pillədə qərarlaşıb.
Komandalar indiyədək ölkə çempionatında 17 dəfə üz-üzə gəliblər. Bunların 13-də "köhlən atlar", 2-də "dənizçilər" qələbə qazanıblar. 2 qarşılaşma isə heç-heçə ilə başa çatıb. Topların nisbəti də Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin xeyrinədir - 30:6.
"Qarabağ" texniki nəticə nəzərə alınmasa, bütün ev oyunlarında qalib gəlib. "Səbail" səfərdə qol vura bilməyib.
Günün digər matçında Sumqayıtdakı "Kapital Bank Arena"da yerli komanda ilə "Sabah" arasında olacaq. Meydan sahibləri 19 oyundan sonra 14 xalla 7-ci pillədə qərarlaşıb. 26 xalı olan qonaqlar isə 5-cidir.
İki komanda arasında əvvəlki 13 Premyer Liqa matçında "gənclik şəhəri" təmsilçisi 6, paytaxt klubu 5 dəfə qalib gəlib. 2 görüşdə bərabərlik qeyd alınıb. Bu qarşılaşmalarda "Sumqayıt" 17, "Sabah" isə 15 qol vurub.
Son 8 oyunda iki və ya daha çox qol vurulub. “Sumqayıt”ın meydanındakı son iki qarşılaşmada 2:0 hesabı qeydə alınıb.
Bu, həm də Premyer Liqadakı iki əcnəbi baş məşqçi - Aleysey Baqa və Murad Musayevin ilk görüşü olacaq.
Azərbaycan Premyer Liqası
XXI tur
2 aprel (şənbə)
16:00. "Qarabağ" – "Səbail"
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"Azersun Arena".
18:15. “Sumqayıt” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”.
Qeyd edək ki, tura aprelin 3-də keçiriləcək "Qəbələ" - "Keşlə" və "Neftçi" - "Zirə" matçları ilə yekun vurulacaq.