Xankəndidə manatla qaz ödənişi.

10:35 2 Aprel 2022

Bizə “vartanlar”la çətin olacaq, bunu müharibədən sonrakı 17 ay ərzində günbəgün hiss edirik. Elə son gedişatlara diqqət edək: aprelin 1-də “Azəriqaz” rəsmisi Teymur Cəfərov bəyan etdi ki, martın 29-dan Xankəndi şəhərində təbii qaz təchizatı bərpa olunub. Düzdür, bu, bəzi vətəndaşlarımızı məmnun etmədi. Anlaşılandır. Hesab olunur ki, ermənilərin bizə yaşatdığı dəhşətlərin qarşılığında onlara nəinki qaz, heç zəhər də düşmür. Amma reallıq var, həmçinin anlayırıq ki, əbədilik müharibə olmur, nə zamansa bu məsələlər bitməlidir, özü də Azərbaycan daim sülh tərəfdarı olub, qan-qada yox...

T.Cəfərovun dediyi digər fikirlər isə hər kəsin ürəyincədir. Sitat: “Xankəndi şəhəri və işğaldan azad edilmiş digər ərazilər Azərbaycanın suveren ərazisidir. Həmin ərazilərdə qaz infrastrukturunda və yaxud digər infrastrukturlarda işlər yalnız Azərbaycan dövləti tərəfindən görülə bilər”.

Ümumiyyətlə, işğal dövründə Qarabağa Ermənistandan qanunsuz çəkilmiş qaz kəməri martın 8-dən sıradan çıxdıqdan sonra dövlətimizin təlimatlarına uyğun olaraq “Azəriqaz”ın sərgilədiyi mövqe təqdirolunandır. Bəyan olunur ki, Azərbaycan ərazisi olduğuna görə, Xankəndi və digər ərazilər qazla təmin olunur, amma gərək vətəndaşlar təhlükəsizlik qaydalarına əməl etsinlər. Yəni milliyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarına eyni gözlə baxılır. Həmçinin elan olunub ki, növbəti mərhələlərdə bütün bu ərazilərdə qaz infrastrukturu Azərbaycan dövləti tərəfindən daha ideal formada, müasir tələblərə cavab verməklə tam şəkildə yenidən qurulması nəzərdə tutulub. Həmin ərazilərdə çəkiləcək infrastrukturdan Azərbaycan vətəndaşları yararlana biləcəklər. Həm beynəlxalq hüquqa əsaslanır, həm Azərbaycan qanunlarına. İşğal dövründə erməni işağlçıları Sərsəngin suyunu gah kəsib, rayonlarımızı susuz qoyurdular, gah da qabağını açıb, bölgəni suya qərq edirdilər. Azərbaycan isə yenə də humanist davranır, erməniləri qazsız qoymur.

Amma ermənilərin münasibəti necədir? Üç gündür Xankəndi və ətraf ərazilərə qaz verilib, amma bir əclaf cəsarət edib demir ki, Azərbaycan belə humanizm nümayiş etdirib, bizi donmaqdan xilas edib. Hələ bu, harasıdır, Xankəndidəki “Artsax” terrorçu təşkilatının nümayəndələri “Azəriqaz”ın açıqlamasına “buynuz” göstəriblər. Azərbaycan qanunlarının bu ərazidə də işləməsini qəbul etmək istəmirlər hələ də. Ağılları başlarına gəlməyib. Hətta həyasızcasına deyirlər ki, bu açıqlama o qədər qeyri-ciddidir, ona reaksiya verməyə belə, lüzum görmürlər. İndi “Azəriqaz” ayın başında ödəniş etmədiklərinə görə - özü də MANATLA (!) - Xankəndinin qazını kəsə və ondan sonra məsələnin ciddiliyini başa düşərlər! Hətta tezliklə də dərslərini vermək olar! Qoy o halda mülki ermənilər küçəyə tökülüb onları girov saxlayan terrorçu-separatçılarla üz-üzə qalsınlar...

Erməniliyin mahiyyəti bəllidir və təbii ki, onlardan təşəkkür gözləmirik. Bunların 200-dək hərbçilərini azad etdi Azərbaycan dövləti, nəinki təşəkkür etmədilər, hətta saxta mina xəritələrini verdilər, əvəzində Azərbaycanın 200 vətəndaşı minanın qurbanı oldu! Diqqət edin, biz onların quldurlarını əfv etdik, onlar isə bizim eyni sayda insanlarımızın ölümünə bais oldular!

Bizi bir məsələ maraqlandırır, Qarabağ ermənilərinin qazsız qaldığı günlərdə baş-beynimizi aparan paytaxtlar, beynəlxalq təşkilatlar niyə susub? Qarlı-fırtınalı günlərdə, çətin relyef şəraitində Bakıya müraciət edərək erməniləri “dərhal” (?! - red.) qazla təmin etməyə çağıran avropalılar, amerikalılar nədən heç olmasa etik normalara əməl edərək, Azərbaycana minnətdarlıq etmədilər?! Gözləmirik də. Onların gerçək sifətini ötən illərdə görmüşük. Amma belə çıxır ki, həmin dairələrə Qarabağ ermənilərinin qazla təmin olunması yox, qazsız qalması sərf edirmiş, Azərbaycana təzyiq göstərmək bəhanəsi kimi. Gerçək sifətləri bu!

Belə olan təqdirdə təbii ki, Qarabağdakı terrorçular da diliuzunluq edəcək, Nikol Paşinyan da açıq mətnlə üçtərəfli bəyanatın 4-cü maddəsini yerinə yetirməyəcəyini, silahlıları Qarabağdan çıxarmayacağını deyəcək.

Paşinyan martın 31-də keçirdiyi hökumət müşavirəsində deyib: “Azərbaycanın mövqeyi belədir ki, Dağlıq Qarabağ problemi mövcud deyil və artıq həll olunub. Azərbaycanın bu mövqeyi belə bir mühüm suala cavab vermir ki, belə halda Dağlıq Qarabağ ermənilərinin hüquqları məsələsi necə həll olunacaq”.

“Azəriqaz”ın açıqlamasını oxusa, kifayətdir - normal yanaşma sərgiləsə təbii ki. “Qarabağ ermənilərinin hüquqları” elə həmin açıqlamada əksini tapıb. Əks halda, Laçın dəhlizi açıqdır. Hələlik!..

  •  



Xəbər xətti