Azad Vətən Partiyası Qələbə münasibəti ilə təbrik etdi

22:42 20 Sentyabr 2023

Azad Vətən Partiyası regionda hazırkı gərgin vəziyyəti, Qarabağdakı terror qruplaşmasının təxribatçı hərəkətlərini aradan qaldırmaq üçün Azərbaycanın gördüyü antiterror tədbirlərinin ilkin nəticələri ilə əlaqədar bəyanat qəbul edib.

Sitat.info bəyanatda deyilir: Qarabağda yurd salmış separatçı rejimin xarici himayədarlarına arxalanaraq Azərbaycan qanunlarına tabe olmaması regionda durumu daim müharibə vəziyyətində saxlayırdı. Bu hal daimi sülhün təmin edilməsinə və regionun inkişafına imkan vermirdi.

Separatçıların fəaliyyəti xarici mərkəzlər  və Ermənistan hökuməti tərəfindən dəstəklənir və idarə olunurdu. Ermənistan silahlı qüvvələrinin bölmələri və Qarabağdakı separatçı quldur dəstələri tərəfindən son vaxtlar Azərbaycan ordusunun mövqeləri, habelə yaşayış yerləri atəşə tutulur, dinc sakinlər, hərbçilər, polis əməkdaşları həlak olurdu.


Azad Vətən Partiyası hesab edir ki, Qarabağda başlanmış lokal antiterror əməliyyatı quldur dəstələrinin tərksilah edilməsi və Azərbaycanın erməni sakinlərini girovluqda saxlayan xunta rejiminin ləğvi istiqamətində atılan ən düzgün addımdır. Təsadüfi deyil ki, Azərbaycan ordusunun quldur tör-töküntülərinə qarşı başladığı əməliyyat cəmi bir gün sürdü. Xankəndidə yuva salmış qondarma rejimin çürüklüyü üzə çıxdı və onlar davam gətirməyib təslim oldular.

Bu, yeni, böyük zəfərdir. Bayrağımızın Xankəndidə dalğalanacağı artıq reallıqdır. Qələbə münasibətilə xalqımızı, ordumuzu və Ali Baş Komandan İlham Əliyevi təbrik edirik.
Yaşasın Azərbaycan xalqı, Azərbaycan ordusu, Azərbaycanın mərd, igid övladları!

Sitat.info

 



Xəbər xətti