Avropa Şurasının baş katibi Marija Peyçinoviç Buriç aprelin 5-də Bakıda Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planını təqdim edəcək.
Trend-in məlumatına görə, tədbirdə həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Avropa Şurasının Bakıdakı ofisinin yüksək səviyyəli nümayəndələri, benefisiar təşkilatlar və beynəlxalq birliyin üzvləri iştirak edəcəklər.
Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı Nazirlər Komitəsi tərəfindən 16 fevral 2022-ci ildə qəbul edilib. O, insan hüquqları, qanunun aliliyi və demokratiya sahələrində Azərbaycan qanunvericiliyini, institutlarını və təcrübəsini Avropa Şurasının standartlarına daha da uyğunlaşdırmaq məqsədi daşıyan strateji proqramlaşdırma alətidir. Fəaliyyət Planı ölkənin Avropa Şurasına üzv dövlət kimi öz öhdəliklərinə əməl etmək səylərini dəstəkləmək məqsədi daşıyır; qanunvericiliyin Avropa və beynəlxalq standartlara uyğunlaşdırılmasına, institusional potensialın artırılmasına, qabaqcıl təcrübələrin tətbiqinə və nəhayət, Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Fəaliyyət Planı Avropa Şurasının qanuni orqanlarının və monitorinq orqanlarının əvvəlki qərar və tövsiyələrini, habelə milli islahat gündəliyini nəzərə alır.
Bu Fəaliyyət Planının ümumi büdcəsi 9,6 milyon avro təşkil edir.