İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi

18:59 27 Sentyabr 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Sitat.info xəbər verir ki, görüşdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində yaranmış hazırkı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə olunduğunu vurğulayan Azərbaycan Prezidenti bildirib ki, ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi nümayəndələri və BMT-nin Rezident Əlaqələndirici Ofisinin nümayəndəsi də toplanmış silah və hərbi texnikaya baxıblar.

Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah edildiyini deyən Prezident İlham Əliyev onların Azərbaycan ərazisindən çıxarılması prosesinin həyata keçirildiyini bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, antiterror tədbirləri zamanı mülki əhaliyə ziyan dəyməyib, hədəf ancaq qanunsuz erməni silahlı birləşmələri və hərbi obyektlər olub.

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarına toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, onların da hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.

Ərazidə infrastrukturun bərpası ilə bağlı işlərin aparıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın erməni sakinlərə humanitar yardımlar göndərdiyini bildirib, yardımların göstərilməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə də əməkdaşlığın həyata keçirildiyini deyib.

Dövlətimizin başçısı qeyd edib ki, rəsmi Bakı ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazırdır.

Söhbət zamanı bölgədə sabitliyin təmin edilməsi və yerli ermənilərlə dialoqun vacibliyi vurğulanıb.



Xəbər xətti