Bu gün prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda dünyada və regionda baş verən siyasi hadisə və proseslər, eləcə də terrorla mübarizə və Şimali Kipr Türk Respublikasının beynəlxalq siyasətdəki yeri, Ukrayna-Rusiya müharibəsi, Suriyadakı vəziyyət və başqa məsələlər müzakirə edilib.
Sitat.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, üç saat davam edən iclasın yekununa dair 8 maddədən ibarət sənəd qəbul edilib və yayılıb.
Sənədin 5-ci maddəsində bildirilib ki, Türkiyə bundan sonra da Azərbaycanı dəstəkləməkdə davam edəcək. Azərbaycanın Qarabağı işğaldan azad etməsi regionda sülhün davamlı təmin olunması üçün çox əhəmiyyətlidir. Türkiyə dövləti qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması ilə Ermənistanla sülh müqaviləsinin imzalanmasını məqbul hesab edir. Rəsmi Ankara Cənubi Qafqazda sabitliyin dayanıqlı olması üçün Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanmasını zəruri hesab edir. Türkiyə bu işə dəstək verəcək.
//Axar.az