Tramp ABŞ üçün əsas təhlükəni AÇIQLAMA

12:15 3 Aprel 2022

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Miçiqanda keçirilən mitinqdə tərəfdarları qarşısında çıxış edərək hazırkı dövlət başçısı Co Baydeni tənqid edib və Amerika siyasətçilərini ölkə üçün ən böyük təhlükə adlandırıb.

SİTAT.İNFO Publika.az-a istinadən xəbər verir ki, eks-lider ABŞ üçün staqflyasiya şəklində baş verəcək “iqtisadi kabus”un, eyni vaxtda inflyasiya və tənəzzülün olacağını proqnozlaşdırıb.

Ölkədəki vəziyyətdən danışan Tramp qeyd edib ki, amerikalılar heç zaman özlərini belə aşağı səviyyədə hiss etməyiblər. Onun fikrincə, ABŞ ən pis dövrünü yaşayır və tarixçilər indiki dövrü fəlakətli tənəzzül nöqtəsi və dövlətin bir vaxtlar böyük reputasiyasına ləkə kimi yazacaqlar.

Tramp əlavə edib ki, heç vaxt digər dünya liderləri Vaşinqtona indiki kimi hörmətsizliklə yanaşmayıblar. O, buna görə Bayden hakimiyyətini günahlandırıb.

“Hazırda ABŞ böyük təhlükə altındadır, lakin bu, Rusiya və ya Çinə görə deyil, ölkəni məhv etmək istəyən xəstə və radikal amerikalı siyasətçilərin əli ilə olacaq” - o qeyd edib.

Tramp vurğulayıb ki, Co Bayden administrasiyası “Amerika arzusunu məhv edir”. O, tərəfdarlarından noyabrda keçiriləcək Konqresə seçkilərə gəlməyi və Respublikaçılar Partiyasını dəstəkləməyi xahiş edib: “2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində qəti şəkildə iştirak etmək niyyətindəyəm. Ağ Evi qaytaracağıma söz verirəm”.



Xəbər xətti