Bəzən əsassız təbliğatın təsiri altına düşürlər - Hacıyev

18:20 5 Oktyabr 2023

Bəzən avropalı tərəfdaşlarımız Azərbaycanla bağlı lüzumsuz və əsassız təbliğatın təsiri altına düşürlər. Belə olmamalıdırlar, onlar sülh gündəliyinə töhfə verməlidirlər.

Sitat.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Aljazeera" telekanalına müsahibəsində deyib.

“Beynəlxalq tərəfdaşlarımız da geriyə baxmaq əvəzinə gələcəyə, perspektivlərin nədən ibarət olduğuna baxmalıdırlar. Bu, xüsusilə avropalı tərəfdaşlarımıza, o cümlədən Avropa İttifaqına da aiddir”, - deyə o əlavə edib.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Qarabağın erməni sakinlərinə sülh və dinc reinteqrasiya mesajı verir: “Azərbaycana və regiona sülh lazımdır. Fikrimcə, Ermənistan Respublikasına da artıq sülh lazımdır. Ermənistan bütün bu ərazi iddialarını sonlandırmalıdır. Hazırkı vəziyyətdə biz sülh üçün daha yaxşı şanslara sahibik”.

Hikmət Hacıyev sülh üçün beynəlxalq platformalardan da söz açıb: “Heç kim Rusiyanın regional ölkə statusunu, Azərbaycan və Ermənistanla tarixi əlaqələrə malik olduğunu inkar edə bilməz. Ona görə də bu platforma da əlverişlidir. Moskva platforması ilə yanaşı, ABŞ Vaşinqton platformasını da təqdim edib. Fikrimcə, böyük irəliləyiş əldə etmişik”.



Xəbər xətti