Putindən maraqlı açıqlama: "Prezident Əliyev mənim yanıma gəlib dedi ki, sizin sülhməramlılarınız..."

19:57 5 Oktyabr 2023

" Qarabağdakı son hadisələr Praqa və Brüssel görüşlərinin qaçılmaz nəticəsi idi. Ermənistan Qarabağı rəsmən Azərbaycanın bir hissəsi kimi tanıyıb. Rusiya bu halda nə etməlidir?".

Sitat.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında çıxışı zamanı deyib.

“2022-ci ilin payızında Praqada Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin himayəsi altında, Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə Ermənistan və Azərbaycan liderləri bir araya gəldi.

Orada da bəyanat imzaladılar, bilirsiniz... Bəyanatdan belə çıxır ki, Ermənistan Qarabağı Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanıyıb. Üstəlik, Ermənistan rəhbərləri birbaşa Azərbaycan ərazisini kvadrat kilometrlərlə, o cümlədən Qarabağın da adını çəkiblər və bir vaxtlar SSRİ-nin tərkibində olan Azərbaycan SSR çərçivəsində Azərbaycanın suverenliyini tanıdıqlarını vurğulayıblar. Və bildiyiniz kimi, Qarabağ da Azərbaycan SSR-in tərkibində olub.

Yəni, mahiyyət etibarilə Qarabağın statusu ilə bağlı əsas məsələ həll olundu. Qarabağ öz müstəqilliyini elan edəndə bu müstəqilliyi heç kim, hətta Ermənistan da tanımırdı. Hansı ki, açığı, mənə qəribə gəlir. Ancaq bu qərar idi, onlar Qarabağın müstəqilliyini tanımırdılar. Amma burada, Praqada tanıdılar ki, Azərbaycan Azərbaycana məxsusdur. Sonra isə 2023-cü ilin əvvəlində Brüsseldə analoji görüşdə eyni şeyi ikinci dəfə təkrarladılar... Yeri gəlmişkən, bu barədə bizə heç kim demədi. Bu barədə şəxsən mən mətbuatdan öyrəndim. Azərbaycan həmişə Qarabağı öz ərazisinin bir hissəsi hesab edib. Amma Ermənistan Qarabağın statusunu Azərbaycanın tərkib hissəsi kimi müəyyən etməklə öz mövqeyində keyfiyyət dəyişiklikləri etdi".

Putin bildirib ki, bu görüşdən sonra Azərbaycan prezidenti ondan sülhməramlılar məsələsinin Rusiya və Azərbaycan arasında həll edilməli olduğunu tələb edib: "Bundan sonra görüşlərin birində prezident Əliyev mənim yanıma gəlib dedi: “Görürsən, hamı tanıdı ki, Qarabağ bizimdir. Sizin sülhməramlılarınız bizim ərazimizdədir”...Görürsən, hətta Qarabağın Azərbaycanın tərkibində statusu müəyyən ediləndən sonra sülhməramlılarımızın statusu da keyfiyyətcə dəyişib. Əliyev deyir ki, sizin ordunuz bizim ərazidədir, gəlin ikitərəfli əsasda qərar verək. Baş nazir Paşinyan təsdiqlədi: “Bəli, indi ikitərəfli əsasda danışıqlar aparmaq lazımdır”. Yəni Qarabağ getdi. Qarabağın statusu ilə bağlı nə istəsəniz deyə bilərsiniz. Amma Qarabağın statusu ilə bağlı əsas sual bu idi, hər şey onilliklər ərzində bunun ətrafında olub: onun statusunu necə, nə vaxt, kim müəyyənləşdirəcək.  Ermənistan qərar verdi - Qarabağ rəsmən Azərbaycanın tərkibinə daxil oldu. Bu, müasir Ermənistan dövlətinin mövqeyidir. Yaxşı, nə edək?...". 

Putin məsuliyyəti Paşinyanın üzərinə qoyub: "Yaxın keçmişdə baş verən hər şey, Laçın dəhlizinin bağlanması və s. bütün bunlar Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasından sonra qaçılmaz oldu. Bu zaman məsələsi idi - Azərbaycan öz konstitusiyası çərçivəsində orada konstitusiya quruluşunu nə vaxt və hansı yolla quracaqdı. Yaxşı, nə deyə bilərsən? Buna başqa necə reaksiya vermək olar? Ermənistan tanıdı, amma biz nə edək, yox deyin, tanımırıq, yaxşı, bu cəfəngiyyatdır... İndi deməyəcəyəm, məncə, müzakirələrimizin incəliklərini bildirmək düzgün olmazdı? Son günlərdə və həftələrdə baş verənlər Praqa və Brüsseldə əldə edilən faktın qaçılmaz nəticəsi idi. Ona görə də cənab Mişel və onun həmkarları o vaxt düşünməli idilər. Mən dəqiq bilmirəm, yəqin onlar Ermənistanın baş nazirini belə bir addım atmağa inandırıblar. Onlar hamı birlikdə Azərbaycandakı Qarabağ ermənilərinin taleyi barədə düşünməli idilər. Bu vəziyyətdə onları nələr gözlədiyini, Qarabağın Azərbaycana inteqrasiyası, təhlükəsizliyin təmin edilməsi və hüquqlarına hörmət edilməsi üçün hansı prosedurun olduğunu yazmalıydılar.  Amma orada belə bir şey yoxdur. Sadəcə, Qarabağın Azərbaycanın bir hissəsi olması ilə bağlı bəyanat var. Bəs Ermənistanın özü belə qərar veribsə, biz nə etməliyik?”.

Nərgiz,

Sitat.info



Xəbər xətti