Oktyabrın 9-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
Sitat.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regiondakı mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə fikir mübadiləsi aparılıb.
C.Bayramov ölkəmizin ərazisində qanunsuz mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq başlayan anti-terror tədbirləri, onları şərtləndirən səbəblər barədə qarşı tərəfi məlumatlandırıb, Ermənistanın beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə istiqamətlənən qondarma qarayaxma təbliğatının bölgədəki reallıqları əks etdirmədiyini vurğulayıb.
Ermənistan tərəfinin sülh prosesinə ciddi təhlükə altına alan, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bəyanat, ritorika və təxribatlarının hələ də davam etdirildiyini diqqətə çatdıran nazir Ceyhun Bayramov bu kimi addımların regionda davamlı sülhün bərqərar edilməsinə yönələn səy və təşəbbüslərə xələl gətirdiyini bildirib.
Görüşdə, həmçinin nazir Ceyhun Bayramov Azərbaycan hökuməti tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası üzrə aparılan işlər barədə məlumat verib, hazırda tərəfimizdən yaradılmış elektron portal vasitəsilə yerli erməni sakinlərin qeydiyyatı prosesinin aparıldığını diqqətə çatdırıb.
Erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin onların könüllü və fərdi qərarı əsasında baş verdiyi, bu addımın hər hansı bir məcburi yerdəyişmə heç bir əlaqəsi olmadığı və bunun həm Ermənistan baş naziri, həm də beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunduğu diqqətə çatdırılıb. Bu çərçivədə, BMT rəsmilərinin bölgəyə səfərləri və 30 ildən sonra ilk səfərin nəticəsi olaraq missiyanın verdiyi açıqlamalar xatırlanıb.
Ermənistan hökuməti tərəfindən səsləndirilən qondarma “etnik təmizləmə” ilə bağlı bəyanatların Azərbaycanın yerli ermənilərin reinteqrasiyası prosesini pozmağa yönəldiyi bildirilib.
Görüş zamanı, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.
//Axar.az