Bayramovdan Ermənistana çağırış: Seçim edilməlidir!

09:30 11 Oktyabr 2023

İndi Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir.

Sitat.info xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin milli maraqlara söykənməklə beynəlxalq hüquq çərçivəsində apardığı xarici siyasət hər zaman özündə ədalət və humanizm prinsiplərini ehtiva edib:

"Azərbaycan strateji səbir nümayiş etdirərək onilliklər ərzində ərazilərinin işğalına son verilməsi, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsi, beynəlxalq hüququn təmin edilməsi üçün danışıqlar aparıb. Məhz bu aparılan danışıqlar, diplomatiya cəbhəsində gərgin proseslər Azərbaycanın hərb meydanında gücünü birə yüz artırıb".

Nazir qeyd edib ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi böyük qələbə, o cümlədən 19-20 sentyabr 2023-cü il tarixdə antiterror tədbirləri çərçivəsində Qarabağ bölgəsi üzərində tam suverenliyimizin bərpa olunması Azərbaycan tarixinin şanlı səhifəsini təşkil etməklə yanaşı, bölgədə yeni reallıqlar yaratdığı məlumdur:

"İndi Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Əlbəttə, bu məsələdə beynəlxalq ictimaiyyətin də rolu əhəmiyyət kəsb edir. Ermənistanın revanşizm cəhdlərinin hər hansı şəkildə dəstəklənməməsi və bölgənin rifahı üçün sülhün alternativinin olmamasına dair çağırışların edilməsi olduqca vacibdir".



Xəbər xətti