Nikol Paşinyan oktyabrın 13-də Bişkekdə keçriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) sammitində iştirakdan boyun qaçırmaqla, regionda onsuz da gərgin olan vəziyyəti daha da qəlizləşdirir. Nikolun bu addımı praktiki olaraq Ermənistanın region ölkələrindən uzaqlaşdığını, qeyri-regon dövlətlərilə qucaqlaşdığını göstərir.
Ermənistan lideri qırğızıstanlı həmkarı ilə telefon danışığı zamanı Bişkek sammitinə qatılmamasının əsl səbəbini açıqlamasa da, əksər ekspertlərin haqlı olaraq gəldiyi qənaətə görə, İrəvanın bu addımı Azərbaycan prezidentinin Qranada görüşündən imtinasına cavab deyil. Çünki Azərbaycan dövlət başçısı məlum sammitə qatılmamasının səbəbini Fransanın tutduğu mövqeyə etiraz əlaməti olduğunu aydın şəkildə izah etmişdi.
Paşinyan isə MDB sammitinin iclasına qatılmamaq səbəbinə aydınlıq gətirməyib. Bu da onunla bağlıdır ki, Ermənistan bu addımı ilə Bakıya etirazdan çox, Kremlə əks-cəbhədə durduğuna işarə edir. Çünki Qərbin layihəsi olan Paşinyan hakimiyyətə gəldiyi gündən antirusiya, antiputin siyasətini fəal şəkildə həyata keçirib. Bişkek görüşündən imtina məhz götürülən öhdəliyin məntiqi davamı və Rusiyaya etirazın göstəricisidir. Bir sözlə, Paşinyan Qırğızıstana getməməklə rəsmi İrəvanın keçmiş müttəfiqi olan Moskvadan üz çevirdiyini bir daha bəyan etdi.
Nikolun bu cur siyasi oyunları isə heç də Ermənistan və region üçün yaxşı vədlər vermir. Birincisi, Paşinyan bu cür davranış sərgiləməklə Azərbaycan-Ermənistan arasında yarana biləcək mümkün sülh variantından boyun qaçırır. Bu isə o deməkdir ki, regiondakı yaraların sağalması heç də yaxın zamanlarda mümkün olmayacaq.
İkincisi, Bişkek səfərindən imtina həm də o mənaya gəlir ki, Ermənistan artıq Rusiyanın Azərbaycan-Ermənistan arasındakı vasitəçiliyindən imtina edir. Eyni zamanda Kremlin təşəbbüskarı olduğu istənilən platformadan kənarda qalmaq istəyir və beləliklə, Moskvanın Qafqazdakı, əsasən də Ermənistandakı təsir imkanlarını minimuma endirmək məqsədi güdür. Paşinyanın prosesləri bu istiqamətə yönləndirməsi isə sonunda Rusiyanı Ermənistana qarşı sərt addımlar atmağa təşviq edəcək.
//Axar.az