Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan və Ermənistan arasında sülh səylərinin perspektivlərinə xələl gətirən və Azərbaycana qarşı əsassız və qərəzli addımları dayandırmalıdır.
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin AŞPA-nın 2517 (2023) saylı qətnaməsi və 2260 (2023) saylı tövsiyəsinə dair şərhində bildirilib.
Qeyd olunub ki, Avropa Şurasının mexanizmlərindən Azərbaycana qarşı istifadəyə yönəlmiş uzaqgörən olmayan cəhdlər tamamilə əks nəticə verir, bu kimi cəhdlər Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi və Azərbaycanın Qarabağ bölgəsində yerli erməni sakinlərlə bağlı reinteqrasiya planları istiqamətində fəaliyyətini davam etdirmək əzmini sarsıda bilməz.
Həmçinin bildirilib ki, 30 ilə yaxın müddət ərzində Azərbaycanlı məcburi köçkünlərin və Ermənistandan zorla qovulmuş etnik azərbaycanlı qaçqınların insan hüquqlarının pozulmasına göz yumulmaqla yanaşı, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin könüllü surətdə yerdəyişməsi ilə bağlı böhtan və hədsizlik nümayiş etdirən arqumentlər bu qurumun insan hüquqları ilə bağlı öhdəliklərinin açıq şəkildə pozuntusudur. AŞPA etnik ermənilərin hüquqlarını mövcud olmayan təhlükələrdən müdafiə etməklə bərabər, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası və ləyaqətlə geri qayıtmaları ilə bağlı müraciətlərə məhəl qoyulmur.