Ordumuz Zəngəzura girəcək? “Xəbərdarlığı” Blinken edib, yoxsa…

14:00 14 Oktyabr 2023

“Politiko” nəşri “anonim mənbələri istinadla” “sensasion”, əslində isə erməni lobbisinin iradəsinə və puluna uyğun iddia ilə çıxış edib.

Sitat.info xəbər verir ki, nəşrin iddiasına görə, ABŞ Dövlət katibi Entoni Blinken amerikalı konqresmenləri “yaxın gələcəkdə Azərbaycanın Ermənistana təcavüzü təhlükəsi” ilə bağlı xəbərdar edib.

“Dövlət katibi Entoni Blinken keçən həftə kiçik bir qrup deputata xəbərdarlıq edib ki, onun ofisi Azərbaycanın Ermənistana qaçılmaz müdaxiləsi ehtimalını izləyir”, - məqalədə bildirilib.

Qeyd olunur ki, Demokratlar Partiyasından olan bir qrup amerikalı konqresmen oktyabrın 3-də Blinkenə Qarabağda vəziyyətin son gərginləşməsi ilə əlaqədar administrasiyanın Azərbaycana qarşı hansı tədbirləri görə biləcəyi ilə bağlı sual verib.

Blinken cavab olaraq bildirib ki, ABŞ hakimiyyəti “Azərbaycanı məsuliyyətə cəlb etmək üçün imkanlar axtarır” və həmçinin Bakıya hərbi yardımın göstərilməsi məsələsinə yenidən baxmağı planlaşdırır.

“Blinken əlavə edib ki, Dövlət Departamenti Azərbaycanın yaxın həftələrdə Ermənistanın cənubunu işğal edə biləcəyini mümkün hesab edir”, - nəşr yazıb.

Əslində, bu “sual-cavab”da iştirak edənlərin kimliyi haqda “Politiko”nun məlumatı yayılan informasiyanın məqsədinə və mahiyyətinə aydınlıq gətirir. Belə ki, “görüşdə iştirak edən demokrat konqresmenlər” Nensi Pelosi, Anna Eşu və Frenk Pallonedir. Hər 3 konqresmen qatı ermənipərəstlikləri ilə seçilirlər. Dəfələrlə Ermənistana səfər edən və Ermənistanın işğal siyasətini dəstəkləyən bu konqresmenlərin “Zəngəzura müdaxilə ediləcəyi barədə” Dövlət Departamenti rəhbərinə sual ünvanlaması və Azərbaycana təzyiqə çağırmasında qeyri-adi heç nə yoxdur.

Digər tərəfdən, mövzunu qaldıran və “dar çərçivədə” “xəbərdarlıq edənin” də Blinken deyil, bu konqresmenlər olduğu üzə çıxır. Məhz onlar “işğal ehtimalı” haqda sual veriblər, Blinken isə bu ehtimalın izlənə biləcəyini deyir, mediaya məlumat isə “Blinkenin Azərbaycanın hərbi təcavüz ehtimalını” qabartması kimi “sızdırılır” və yaxud “Politiko”ya məqalə bu cür sifariş edilir.

Əgər Blinkenin belə bir informasiyası varsa, bunu niyə yalnız və yalnız 3 ermənipərəst konqresmenlə müzakirə etməlidir?

Eyni zamanda bu “müzakirənin” mediaya “sızması” da ilgincdir. Ehtimal ki, “anonim mənbə” erməni lobbisinin arzusuna uyğun bu müzakirəni Dövlət Departamenti ilə aparan həmin ermənipərəst konqresmenlərdir. ABŞ Prezidentinə Azərbaycana hərbi yardımın dayandırılması barədə məktub ünvanlayan bu konqresmenlər fəaliyyətlərini genişləndirərək, ölkəmiz haqda “işğalçı” təəssüratı yaratmağa çalışır.

30 il müddətində Erçənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini işğalda saxladığını “görməyən” bu ermənipərəst konqresmenlərin Azərbaycanı “ehtimali işğalda” ittiham etmə cəhdi sadəcə gülüncdür.

ABŞ Dövlət Departamenti Ermənistanın müstəqilliyi və suverenliyinə dəstəyini ifadə etməklə bu yöndən verilən sualı cavablandırıb və hər hansı açıqlamadan imtina edib. Yalnız onu bildirib ki, Ermənistanla Azərbaycan arasında danışıqlar gedir və ümidvericidir.

Xatırladaq ki, Frenk Pallone 11 oktyabrda “Əliyev Cənubi Ermənistanı ələ keçirmək məqsədi ilə irəliləyir” deyə X sosial səhifə hesabında iddia paylaşmışdı. Bu post da müzakirənin təşəbbüsçüsünün kim olduğu, “təcavüzü” kimin dilə gətirdiyi və mediaya bu məlumatı kimlərin “sızdırdığını” anlamağa yardım edir.

Sonda daha bir məqamı vurğulayaq: istər “Politiko”nun bu məqaləsi, istərsə də digər ABŞ və Qərb mediasında beynəlxalq səviyyədə Azərbaycanın ərazisi sayılan keçmiş “Dağlıq Qarabağ”ın Azərbaycan tərəfdən 19-20 sentyabrda “işğal edildiyi” yazılır. Azərbaycanın ərazisində olan torpağın “işğal edildiyini” yazmaq üçün erməni lobbisindən nə qədər rüşvət alındığını yalnız təsəvvür etmək qalır.

Bura BMT, AP, AŞPA-da əleyhimizə qəbul edilən son qətnamə və bəyanatları da əlavə etsək, mənzərə tamamlanır: Qərbdə Azərbaycana qarşı çox böyük, təhlükəli kampaniya gedir və bu, mediasını da əhatələyir.



Xəbər xətti