Ötən gün – 15 oktyabr 2023-cü ildə (Bu tariximizin qızıl səhifəsini xüsusi vurğulayaq) Prezident İlham Əliyevin hərbi formada Xankəndidə Azərbaycan Bayrağını qaldırması sosial şəbəkələrdə böyük sevinclə qarşılanır, amma hamı sevincini yalnız foto, videolarla ifadə edir.
Politoloqlar, siyasi şərhçilər, millət vəkilləri, ziyalılar, elə jurnalistlər də sanki lal olub – kimsə şərh, açıqlama vermir, yazmır...
Xatırlayıram Şuşanın azad edilməsini. Bu böyük səadəti illər, onillər gözləmişdik, inanmışdıq və bu inama köklənmişdik. Şuşa azad ediləndə öz hisslərini ifadə edənlərin yazıları bəlkə də minlərlə idi...
İndi isə Xankəndi azaddır, Xankəndidə Bayrağımız dalğalanır, Prezident İlham Əliyev onillərlə separatizmin yuvası olmuş binadadır, Azərbaycanı hədələyib, paytaxtı işğal edəcəklərinə işarə ilə, “Bakıda çay işəcəyik” deyənlərə Bakıda istintaq təcridxanasında çay içirdir: onillərlə azərbaycanlılara qarşı qətliamlar törətmiş canilər həbsxanadadır...
Cəmiyyətimizdə isə “şərh” yoxdur...
Ötən gündən danışan yalnız əməllərdir: Prezident Bayrağımızı qaldırır; Prezident separatçıların onillərlə məskunlaşdığı qərargahındadır; Prezident Xankəndini gəzir...
Xankəndinin yeni görüntüləri; Kərkicahanın, Malıbəylinin – Xankəndinin hər iki başında olan qəsəbə-kəndlərə Prezidentin səfərləri...
Gözümüzün önündə - 28,5 il öncə işğal edilən Şuşanın azad edildiyi tamamilə fərqli bir duyğuydu, qürur, şövq idi!
100 il öncə - 1923-cü ildə ermənilər üçün yaradılan muxtar vilayətin mərkəzi kimi ermənilərə verilən və yüz il boyunca ermənilərin adına, özünə, hətta daşına, divarına, yoluna qədər mənimsədiyi Xankəndinin azad edilməsinin, 100 illik lənətin üzərimizdən götürülməsinin şokunu yaşayırıq:
“Heyrət ey büt!”
Xankəndidə Bayrağımızın ucaldılması mənzərəsi cəmiyyət olaraq lal edib hər kəsi: bu sevinci, bu xoşbəxtliyi, bu qüruru doya-doya yaşamaq üçün hər kəs yüz illik bir heyrətlə yalnız VİDEO paylaşır!
SÖZ bitib: Hansı sözlə bu hissi ifadə etmək mümkündür axı!
İndi söz şəkillənib; İlham Əliyevin əməlləri, hərəkəti, addımları, jestləri, üzünün məmnunluğu danışır.
10 milyonluq xalqın 100 illik həsrətinin sonu – Böyük arzu, xəyal Prezident İlham Əliyevin simasında ecazkar reallığa çevrilib!
10 milyonluq xalqın bu yolda 100 ildir apardığı mübarizənin təntənəsi İlham Əliyevin duruşunda cəmləşib!
Şəhidlərimizin, bu yolda canını qurban verən ziyalıların, repressiya qurbanlarının, zamanın, dövrün zərbələrinə, işğallara və təzyiqlərə dözməyib, dövləti təhvil verən qurucu babalarımızın, elə Qarabağın dağlıq hissəsində muxtariyyət yaradılmasına məcbur edilən Nərimanovun da Xankəndinin, Qarabağın və Azərbaycanın başı üzərində şad ruhlarının səssizliyi dünəndən başlayan sevinc səssizliyinə qovuşub!
10 milyonluq xalqın, 100 ildə minlər, onminlərlə şəhid verən millətin sevinc yaşları içinə tökülür; bu fərəh içimizdəki 100 ilin niskilini yuyur, yüz ilin utancını təmizləyir, 100 ilin xəcalətini, işğalını silir!
İnsan – öz ölkəsinin sərhədləri boydadır: əgər torpaq işğaldadırsa, demək ki, bədəninin bir üzvü işləmir - əlin, ya ayağın iflic olub.
15 oktyabr 2023-cü ildə 10 milyon insan iflicdən qurtuldu; xalqın 100 ildir donan ayağı addımlamağa başladı!
Bu sevinci necə izah etmək olar ki!/Axar.az