Gəncəliyevdən Xankəndiyə qayıdışla bağlı açıqlama

13:40 16 Oktyabr 2023

Cənab Prezidentin ötən gün Xankəndiyə səfəri və orada Azərbaycan bayrağını qaldırması hər birimizin qürurlandırdı. Axır ki, bütün Qarabağ bölgəsi, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi.

Sitat.info xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisdə Xankəndi dairəsini təmsil edən deputat Tural Gəncəliyev deyib.

Gəncəliyev bildirib ki, 30 ildən çoxdur ki, xalqımızın məşəqqətinə, kədərinə səbəb olmuş separatizm yuvası məhv edildi:

“Ümumiyyətlə, bu tarixi hadisə istər geopolitik, istərsə də xalqımızın tarixi baxımından çox önəmlidir. Müasir dövrdə separatizmin aradan qaldırılması işində dünya ölkələri elə də müvəffəqiyyətli olmayıb. Bu, Azərbaycanın tarixi ilə yanaşı, bölgədə və regiondan kənarda geosiyasi reallıqları dəyişdirən bir məqamdır. Bu qələbə özündə bir neçə faktoru birləşdirir: cənab Prezidentimiz İlham Əliyevin liderliyi çərçivəsində səbirlə, təmkinlə hədəfimizə doğru apardığımız fəaliyyət istiqaməti, güclü ordu quruculuğu, iqtisadi dayanıqlılıq, insan kapitalının inkişafı. Azərbaycanın çətin, mürəkkəb geosiyasi regionda yerləşməsinə baxmayaraq, apardığı müdrik daxili və xarici siyasət, dərin strateji düşüncə tərzi ilə necə tarixi qələbə qazandığımızı göstərir”.

Millət vəkilinin sözlərinə görə, biz hadisələrin içində olduğumuza görə bəlkə də nə qədər önəmli qələbə qazandığımızı dərk etmirik:

“Lakin müəyyən vaxt keçdikdən sonra bu hadisənin önəmi, strateji əhəmiyyəti və əldə edilmiş nəticələr haqda çox danışılacaq. Xankəndi şəhərində doğulmuş biri olaraq cənab Prezidentimizə, Ordumuza, xalqımıza, dövlətimizə minnətdarlığımı çatdırıram. Həmin torpaqlarımız şəhidlərimizin qanı ilə yoğrulub. Böyük məmnuniyyətlə, hamımız öz torpaqlarımıza geri dönmüşük”.

Xankəndiyə qayıdışla bağlı millət vəkili konkret tarix söyləyə bilməyəcəyini, bu barədə rəsmi qurumların qərar verəcəyini bildirib:

“Biz sadəcə orada məskunlaşacağımız, fəaliyyətimizi davam etdirəcəyimiz günü gözləyirik”.



Xəbər xətti