Uşaq bağçaları ilə bağlı 3 əsas problem - ekspertdən təklif

08:15 5 Aprel 2022

Kamran Əsədov: “Uşaqların və tərbiyəçilərin müəssisəyə qəbulu şəffaf olmalıdır, qidalanmaya nəzarət artmalıdır”

Uşaq bağçaları 2011-ci ilə qədər Təhsil Nazirliyinin tabeliyində idi. 2011-ci ildə ölkə başçısının sərəncamı ilə məktəbə qədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.

Ekspertlər həmin dönəmdə bildirirdi ki, bağçaların BŞİH-ə tabe etdirilməsi onların maddi-texniki bazasını gücləndirmək, eyni zamanda təmir-tikinti bərpa işlərinin həyata keçirilməsi üçün daha çevik qərar qəbul etməklə bağlı olub. Çünki həmin vaxtlarda bu işlər axsayırmış.

Lakin uşaq bağçaları Bakı Şəhər İcra hakimiyyətinin tabeliyində olan müddət ərzində təlim-tərbiyə, qidalanma məsələsində geriləmə müşahidə olundu. Valideynlər bu səbəbdən uşaqlarını dövlət bağçalarına qoymaqdan imtina edirdilər.

Prezident İlham Əliyevin 20.12.2021-ci ildə imzaladığı sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) yenidən Təhsil Nazirliyinin tabeliyinə verildi.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, hazırda uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyində olmasına baxmayaraq, bu müəssisələrdə hələ də problemlər öz həllini tapmayıb. Hətta bəzi iddialara görə, nazirlik bağçalarla bağlı idarəçiliyi tam olaraq geri almayıb.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi ilə əlaqə saxladıq. İsrafil Kərimov bildirdi ki, artıq 2 aydır ki, sərəncama uyğun olaraq bağçalar Təhsil Nazirliyinin tabeliyinə verilib:

“Bakı Şəhər İcra Hakimiyyətinin uşaq bağçalarına heç bir aidiyyəti yoxdur. Tam şəkildə Təhsil Nazirliyinin səlahiyyətindədir”.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovla da danışdıq. O bildirdi ki, uşaq bağçalarının idarəetməsinin yenidən Təhsil Nazirliyinə verilməsi müsbət haldır: “Bu günə qədər 3 ciddi problem var idi. İlk problem uşaq bağçalarına uşaq qəbulu idi. Çox təəssüf ki, bu sahədə çox ciddi pozuntular var idi. Belə ki, uşaq bağçası direktorları valideynlərdən pul və yaxud nə isə qarşılığında uşaq qəbul edirdilər. İkinci ciddi problem isə uşaq bağçalarına işə qəbulla bağlıdır. Son 10 ilə nəzər saldıqda görərik ki, bir dənə uşaq bağçasına işə qəbul mərkəzləşmiş müsahibə və müsabiqə nəticəsində olmayıb. Üçüncü problem isə maddi-texniki bazanın yetərli olmaması və qida menyusunun tam olaraq dövlət büdcəsindən ayrılan formada uşaqlara çatmaması ilə bağlıdır. Yəni dövlətin hər bir uşaq üçün günlük qida menyusunu müəyyənləşdirməsinə baxmayaraq ciddi yeyintilər olurdu”.

Gedək, xarici ölkədə işləyək?” – Kamran Əsədov dövlət qurumlarının  müdaxilələrinə etiraz etdi » Sfera.az Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Kamran Əsədov

Bəs indi nələr dəyişib? Kamran Əsədov bildirdi ki, son 4 ay ərzində hər hansı ciddi bir dəyişiklik yoxdur: “Biz gözləyirik ki, bu üç problem aradan qaldırılacaq. Uşaqların qəbulu elektron qaydada olmalıdır. İşə qəbul prosesi mərkəzləşdirilmiş müsahibə və müsabiqə yolu ilə olmalıdır. Qidanın tam və vaxtında uşaqlara çatdırılması istiqamətində ciddi iş aparılmalıdır. Lakin biz geridə qoyduğumuz 4 ay ərzində bu istiqamətlər üzrə çox təəssüf ki, hansısa hərəkət və ya fəaliyyət görmürük. Hazırda ölkədə 1693 uşaq bağçası və körpələr evi fəaliyyət göstərir. 123 000 uşaq tərbiyə prosesinə cəlb edilib. Qeyd edim ki, ölkənin bütün ərazilərində uşaq bağçaları Təhsil Nazirliyinə təhvil verilib. Sadəcə, hazırda hesablama işləri davam edir. Yəni proses tam olaraq başa çatmayıb”.



Xəbər xətti