Milli Məclis sədrinin müavini Adil Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Azərbaycan Qadınlarının Qurultayında iştirak edir. Vitse-spiker çıxışında Milli Məclisin sədr müavini Sahibə xanım Qafarovanın salamlarını və xoş arzularını qurultay iştirakçılarına çatdıraraq, qurultayın işinə uğurlar arzulamışdır. Azərbaycanda dövlət siyasətinin bütün digər istiqamətləri kimi, qadınlar barəsində həyata keçirilən siyasətin əsas prinsipləri də Ulu Öndər tərəfindən müəyyən edilməsini bildirən vitse-spiker Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamasını qeyd etmişdir. Onun təşəbbüsü ilə Azərbaycan Respublikası qadın hüquqlarının qorunması ilə bağlı mühüm beynəlxalq sənədlərə qoşulmuş, ölkəmizdə bu sahə ilə bağlı fəaliyyətin möhkəm hüquqi bazası yaradılmışdır. Prezident İlham Əliyevin qadın siyasətinə xüsusi diqqət yetirməsini bildirən sədr müavini, Birinci xanım Mehriban Əliyevanın timsalında dünyanın Azərbaycan qadınının bütün sahələrdə qazandığı uğuru gördüyünü bildirmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə başladılmış "Xocalıya Ədalət" kompaniyası ilə həqiqətlərimizin dünyaya çatdırıldığını qeyd etmişdir.
Azərbaycan qadınından bəhs edərkən, əlbəttə ki, başımızın tacı olan şəhid və qazi analarının rolunu xüsusi vurğulamalıyıq və hər zaman onlara sonsuz minnətdarlığımızı ifadə etməliyik deyə çıxışında bildirən vitse-spiker Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində Dövlət Bayrağını ucaldarkən, eləcə də Füzuli şəhərində sakinlərlə görüşündə vurğuladığı kimi, hərbi əməliyyatlar nə qədər dürüst hazırlansa da, qələbəni əldə edən Azərbaycan övladları, əsgər və zabitlər olmasını diqqətə çatdırmışdır. Çünki ilk növbədə onlar sinələrini irəli verib vətənin azadlığı uğrunda canlarını fəda etmişlər. Bu cür vətənpərvər və qorxmaz gəncliyimizin formalaşmasında ailə və məktəb tərbiyəsi son dərəcə böyük əhəmiyyətə malikdir. Azərbaycan qadınları həm ana olaraq ailədə, həm də müəllim, tərbiyəçi olaraq təhsil ocaqlarında övladlarımızın xalqa və torpağa məhəbbət ruhunda yetişməsi naminə fədakarcasına çalışmışlar və bu gün də çalışırlar. Əminəm ki, bu sahədə görülən işlər bundan sonra da uğurla davam edəcək, Azərbaycan qadınının cəmiyyətdə fəal rolu və layiqli yeri hər zaman qorunub saxlanacaq və inkişaf edəcəkdir.