Mərkəzi Bank daha bir bankın lisenziyasını ləğv etdi. “Muğan Bank” artıq fəaliyyət göstərməyəcək. Bankın idarә olunması üzrә bütün sәlahiyyәtlәr müvәqqәti inzibatçıya keçib. Mərkəzi Bankın məlumatına görə, bu bankın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. Bu rəqəmlər “Muğan Bank”ın müflis olmasının bank sektorunun maliyyə dayanıqlığı üçün təhdid yaratmadığını göstərir.
Sitat.info xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, Mərkəzi Bankın elan etdiyi rəqəmlərlə yanaşı, “Muğan Bank”ın fəaliyyəti ilə bağlı digər bir sıra göstəricilər də diqqəti cəlb edir:
“Müflis elan edilən bankın internet səhifəsi də artıq aktiv deyil. 1 sentyabr 2023-cü il tarixinə olan məlumata əsasən, aktivlərin həcminə görə, “Muğan Bank” Azərbaycanda fəaliyyət göstərən 24 bank arasında 16-cı sırada olub. Yəni, aktivlərin həcminə görə banklar arasında ən sonuncu yerlərdə qərarlaşmayıb. Bankın aktivləri 647 milyon 971 min manata bərabər idi. Bununla yanaşı, aktivlərdə azalma faizinə görə ən pis göstəriciyə malik olub. “Muğan Bank”ın həmin müddətdə aktivləri 18.9 faiz azalıb. Digər tərəfdən, bu ilin ilk 9 ayında 3 bank zərərlə işləyib. 1 milyon 287 min zərəri qeydə alınan “Muğan Bank” həmin müddətdə mənfəətə həsrət qalan 3 bankdan biri olub. Mərkəzi Bankın açıqlamasında bankın ümumi kredit portfelinin həcmi açıqlanmayıb. Bununla yanaşı, baş bank bildirib ki, 2023-cü ilin III rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manat təşkil edir. Eyni zamanda, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətinin kompensasiya olunacağı elan edilib”.
Bayramov əlavə edib ki, üçüncü rübün yekunlarına əsasən, “Muğan Bank”da depozitlərin həcmi 322 milyon 478 min manat olub:
“Əgər son 18 gün ərzində əmanət portfelində dəyişiklik baş verməyibsə, onda “Muğan Bank”ın 105 milyon 778 min manat sığortalanmamış əmanəti olub. Həmçinin, bankın müflis olması bir daha onu göstərir ki, vətəndaşlarımız əmanət yerləşdirən zaman həm bankın maliyyə göstəricilərinə, həm də hesabatlığına xüsusi diqqət yetirməlidirlər. Mövcud qaydalara əsasən, 100 min manatdan çox olmayan və manatla 12, xarici valyuta ilə 2.5 faizədək divident ödənilən əmanətlər sığortalanır. Bu baxımdan, əmanətləri sığortalanan paket çərçivəsində banklarda yerləşdirməklə risklərdən qoruna bilərsiniz”.