Nikol Bakıya qarşı separatizm kartını işə salır

17:08 20 Oktyabr 2023

Qarabağdan Ermənistana gedən separatçılar ətrafında son günlər yeni proseslər baş verir: Samvel Babayan Şahramanyanın qondarma rejimin buraxılması haqda qərarını “qeyri-legitim” hesab edərək, ləğvi çağırışları etdi; Şahramanyan bu gün İrəvanda “Qarabağdan gedən ermənilərin” qarşısına çıxaraq, bu qərarından imtina etdi;

Erməni separatizmi artıq praktiki olaraq Azərbaycana təhlükə yaratmasa da, onların Ermənistanda “mövcud” olması və qondarma “hökumət” kimi qalması ilk növbədə Bakı-İrəvan xəttində sülh danışıqları üçün təhlükə yaradır. Və bu mənzərə fonunda baş verənlər suallar yaradır:

- Babayan-Şahramanyan qarşıdurmasının səbəbi nədir?

- Paşinyan erməni separatizmi kartını Bakıya qarşı yenidən işə salır?

“Qarabağ erməni”lərinin etiraz aksiyasının sosial motivli olduğu aydındır, çünki separatçı rejimin özünü ləğv etməsi prosesi 1 yanvar 2024-cü il tarixinə qədər başa çatmalı idi və bu rejimdən “maaş” alanlar ən azı üç ay təmin olunacaqlarını düşünürdülər. Lakin Ermənistan hökuməti daha maliyyə yardımı ayırmaqdan imtina edir və görünür, onlar bu aksiya ilə nəticə əldə etməyə çalışırlar. Paşinyanın qəbuluna düşə bilməyən Şahramanyan da bu yolla səsinin eşidilməsinə çalışır. Hərçənd, Şahramanyan da anlayır ki, özünü buraxmaq haqda qərardan imtina onların özü üçün də problem yaradacaq və məlumatlara görə, o, əvvəlcə Paşinyanla məsləhətləşmələr apararaq, bu haqda danışmaq istəyirdi, lakin indi tələsik imtina açıqlaması verməsi Babayanla qarşıdurmadan qaynaqlanır.

Daha öncə də yazmışdıq: Paşinyan Babayan üzərindən qondarma “artsax” ideyasını nəzarətə götürməyi planlaşdırır;

Azərbaycanın erməni separatizmini ləğv etməsindən sonra Ermənistanda keçmiş “Qarabağ klanı” Paşinyana qarşı etiraz elektoratını toplamaq üçün bu kartdan istifadə edir, burada rusların da maraqları var. Babayanın Ermənistana getdikdən sonra televiziyaya çıxması və separatçıların bütün “rəhbərlərini” satqınlıqda ittiham etməsi, eləcə də Rusiyaya etirazları Paşinyanın “əks-həmləsi” idi. Qondarma “artsax” ideyasını “Qarabağ klanı”nın əlindən almaq istəyən Nikol Babayanı “piyada” olaraq istifadə edir və Araik, Bako və Arkadinin qandallanaraq, Bakıya gətirilməsindən sonra Samvelin önündə əsas maneə Şahramanyandır. Şahramanyanın özünü buraxmaq haqda qərarına etirazının hədəfi də onu oyundan kənarlaşdırmaq, separatçı ideologiyasının başına keçməkdir. Paşinyanın qəbuluna düşə bilməyən Şahramanyan da qərarından tələsik imtina ilə qabaqlayıcı gediş etmiş oldu.

Və burada İrəvanın Bakı ilə danışıqlarda erməni separatizmindən istifadə edə biləcəyi ehtimalı da mövcuddur.

Bakı separatizmin ləğvi prosesində qondarma rejimin “rəhbərliyini” Xankəndidən çıxmamışdan öncə özünü buraxmaq qərarını elan etməyə məcbur etdi. Bu, həm erməni separatizminin perspektivinin önünü almağa, həm qondarma “artsax” ideyasına qarşı “özünüburaxmaq qərarının” fakt kimi istifadə edilməsinə, həm də danışıqlarda İrəvanın Qarabağ kartından istifadəsinə qarşı hesablanıb. İstisna deyil ki, İrəvan “özünü buraxmaq qərarının” ləğv edilməsinə danışıqlarda əks-arqument kimi istifadə məqsədilə çalışır. Hərçənd, Paşinyan öncə bu kartı rəqiblərinin əlindən almaq, daha sonra işə salmaq niyyətindədir.

Və o da istisna deyil ki, bu planın arxasında Fransa başda olmaqla Cənubi Qafqazda proseslərə müdaxiləyə can atan qüvvələr dayanır.

//Axar.az



Xəbər xətti