Milli Məclis sədrinin müavini Adil Əliyev: “Ağıllı kənd konsepsiyası Zəngilanda reallaşıb”

18:03 20 Oktyabr 2023

Xalqımız tarixi hadisələrə şahidlik etməyə davam edir. 15 oktyabr tarixində Prezident İlham Əliyev tərəfindən Xankəndi şəhərində Azərbaycan bayrağının ucaldılması suverenliyimizin bərpa edilməsinin mühüm rəmzidir. Uzun illər düşmən işğalında qalmış tarixi torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib. Ərazi bütövlüyümüz bərpa, suverenliyimizin bərqərar edilib. 

20 oktyabr tarixini bizim üçün əlamətdar edən tarixi hadisə bu günün Zəngilan şəhərinin düşmən işğalından azad olunduğu gün olmasıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuz Zəngilan şəhərini işğaldan azad etmişdir. Hamımız yaxşı bilirik ki, ermənilər işğal altında saxladığı ərazilərimizi viran qoymuş, bütün bina və tikililəri məhv etmişlər. Təəssüf ki, bu cür vandallıq aktlarından ən çox ziyan çəkmiş rayonlarımızdan biri də Zəngilan olmuşdur. 

Ermənistan bu 30 il ərzində yalnız evləri dağıtmaqla, infrastrukturu sıradan çıxarmaqla kifayətlənməmiş, dini və tarixi abidələri tam məhv etmişlər.Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işlərinə başlandı. 3 ildən də qısa müddətdə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Zəngilana da həyat qayıdıb. 

Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi ağıllı kənd konsepsiyasının reallaşmasının təzahürüdür. 30 il doğma yurd həsrəti çəkmiş zəngilanlılar artıq evlərinə qayıdırlar, Böyük Qayıdış Proqramı uğurla icra edilir. İşğaldan azad edilmiş ərazilərdə tikilən 3 Beynəlxalq Hava limanından biri də məhz Zəngilanda yerləşir. Vaxtilə viran edilmiş Zəngilan planlı surətdə yenidən qurulmaqdadır və bərpa olunduğu bir zamanda artıq beynəlxalq şəhərsalma Forumuna ev sahibliyi etmişdir. İşğaldan azad edilmiş digər ərazilərimizlə birlikdə Zəngilanda da müasir infrastruktur qurulur, insanların rahat yaşaması üçün məktəb, bağça, xəstəxanalar tikilir. 

Keçmiş məcburi köçkünlərin evlərinə qayıtdıqdan sonrakı məşğulluq məsələləri də dövlətimizin diqqət mərkəzindədir. Onların işlə təmin edilməsi, sahibkarlığa verilən dəstəkdə əsas məqsəd dayanıqlı inkişafa nail olmaqdır. Artıq ölkəmizdə yeni inkişaf mərhələsi başlayıb, Qarabağa və Şərqi Zəngəzura uzun illərdən sonra həyat qayıdıb. Dövlət başçısının bir neçə gün öncə Füzuli şəhərində sakinlərlə görüşündə vurğuladığı kimi, dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. Biz qazanılmış qələbəyə görə qəhrəmanlarımıza borcluyuq, əziz xatirələrini dərin hörmət və ehtiramla yad edirik.

Sitat.info



Xəbər xətti