Azərbaycan və Türkiyə ordusunun “Mustafa Kamal Atatürk – 2023” adlı birgə taktiki hərbi təlimləri bu gündən etibarən daha genişmiqyaslı ərazidə - Naxçıvanda, Qarabağda və bir neçə istiqamətdə başlayır. 23-25 oktyabr tarixini əhatə edən təlimlərdə iştirak edəcək Türkiyənin F-16-ları da artıq Azərbaycandadır. Təlimlərə iki qardaş ölkənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.
Genişmiqyaslı təlimlər strateji müttəfiq olan Azərbaycan və Türkiyənin hərbi müstəvidə birgə fəaliyyətinin koordinasiya edilməsi, mümkün təhlükələrə qarşı hazırlıqlı olması məqsədi daşıyır. Və mütəmadi olaraq keçirilən belə təlimlərin üçüncü ölkəyə qarşı yönəlmədiyi də bəllidir.
Lakin təlimlərdən, xüsusilə F-16-ların Azərbaycana gəlişindən Ermənistanda qorxuya düşənlər var. Hətta ermənilər Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizinin hərbi ssenari üzrə açılmasını məşq etdiyini iddia edir, bundan isterikaya qapılırlar.
Erməni ekspert Varujan Geqamyan iddia edir ki, təlimlərin Qarabağda və Naxçıvanda keçirilməsi təsadüfi deyil və məqsəd Zəngəzur dəhlizinin açılmasına hazırlıqdır.
Erməni hərbi ekspert Hayk Nahapetyan isə bir qədər də irəli gedərək, yeni hərbi əməliyyatın hazırlığından bəhs edib. O, Ermənistanı ayıq-sayıq olmağa çağırıb.
“Fikrimcə, bu hərbi təlimlər regionda Azərbaycana qarşı olanlara, xüsusilə də Ermənistana göz dağı vermək məqsədi daşıyır və növbəti danışıqlardan öncə keçirilməsi təsadüfi deyil. Paşinyan və Papikyandan soruşmaq lazımdır ki, Ermənistan niyə hərbi təlimlər keçirmir. Ordunun mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, qoşunlar arasında koordinasiyanın məşq edilməsi, müasir texnikalardan istifadə qabiliyyətinin artırılması üçün hərbi təlim lazımdır. Amma Paşinyan Avropa Parlamentinin tribunasından manipulyasiya xarakterli yalan məlumatlar yaymaqla nəsə edə biləcəyinə inanır”, - Nahapetyan Ermənistan hakimiyyətini tənqid edib.
Ermənilərin isterikaya düşməsi təəccüblü deyil, çünki son üç ildə ağır məğlubiyyətlərlə üzləşiblər və erməni ordusunun gücü haqda mifləri alt-üst olub. Lakin Azərbaycan və Türkiyənin təlimlərini Zəngəzur hədəfi ilə əlaqələndirmələri həm də son günlər Bakıya qarşı aparılan kampaniyanın bir hissəsidir. Ermənistan və havadarları Azərbaycanın “Zəngəzura müdaxilə edəcəyi” iddiası ətrafında hay-küy qaldırıblar./Axar.az