Qəzza zolağına İsrail ordusunun quru hücumu həyata keçirməsinin ləngiməsinin 3 mühüm səbəbi var.
Sitat.info xəbər verir ki, bu barədə “Yerusəlim Post” nəşrinin analizində bildirilib.
Qeyd edilib ki, birinci səbəb müharibənin ilk həftəsində 360 min ehtiyatda olan hərbçinin dərhal orduya çağırılması ilə yaranan problemdir. Belə ki, 360 min ehtiyat qüvvənin heç də hamısını lazımi avadanlıqlarla təmin etmək mümkün olmayıb. Digər tərəfdən, ehtiyatda olanlar quru əməliyyatını həyata keçirmək üçün təlim keçməlidirlər. Başqa cür desək, onlar Qəzzaya girməyə hazır deyildilər.
Analizdə vurğulanıb ki, gözləmək və onların təlim keçməsinə, hazırlaşmasına şərait yaratmaq daha pis ssenaridir – çünki ləngimə əlavə gərginlik və ruh yüksəkliyinin aşağı düşməsinə gətirib çıxarır.
İkinci səbəb qəzzalıların cənuba köçməsi ilə bağlıdır. Belə ki, quru əməliyyatından öncə İsrail rəhbərliyi 1 milyondan çox qəzzalının anklavın cənubuna köçməsi üçün cəmi 24 saat vaxt vermişdi. Ancaq bu vaxt əlbəttə ki, köç üçün kifayət deyildi və BMT də daxil olmaqla, İsrailin bütün müttəfiqləri bu tələbi absurd adlandırmışdı.
Müharibənin birinci həftəsinin sonunda artıq 500 min qəzzalı cənuba getmişdi, 3-cü həftənin əvvəlində isə bu rəqəm 700 min təşkil edir. Buna baxmayaraq, hələ də ərazidə 300 mindən çox qəzzalı qalmaqdadır.
Təhlildə bildirilib ki, qəzzalıların qalması vəziyyəti çətinləşdirir – həm mülki itkilər, həm də HƏMAS-ın bundan istifadə etməsi baxımından.
“Üçüncü və yəqin ki, ən həlledici səbəb aşağıdakıdır: ÇAXAL-ın artilleriya və hava zərbələri HƏMAS-ı zəiflədir ki, bu da quru əməliyyatı zamanı ordunun itkilərini azalda bilər. Buna görə də İsrail ordusu quru hücumunu təxirə salaraq, raket zərbələrini artırıb”, - məqalədə bildirilib.
Buna baxmayaraq, analizdə vurğulanıb ki, İsrailin 16 günlük zərbələrindən sonra belə HƏMAS-ın minlərlə raketi, onminlərlə döyüşçüsü qalmaqdadır (çünki HƏMAS raketlərini yeraltı tunellərdə gizlədir və qərargahları da yerin altındadır – red.) və onları quru əməliyyatı olmadan zərərsizləşdirmək mümkün deyil:
“Ona görə də Qəzzanın işğalı başlayan kimi İsrail ordusu son onilliklərdə gördüyümüz ən çox itki verəcək. Ancaq HƏMAS-ı ram etməyin başqa yolu yoxdur. Havadan zərbələr bu riski və quru qoşunların mümkün itkisini azaltmayacaq”.
Qeyd edilib ki, çoxsaylı itki riski İsrail rəhbərliyini siyasi və hərbi məsuliyyəti üzərinə götürməkdən çəkindirir.
Analizdə hücumun gecikməsinin artıq İsrailə xeyir yox, ziyan vurmağa (həm də maddi baxımdan – red.) başladığı iddia edilib.