"Fövqəladə Hallar Xidmətinin nümayəndələrinin hesablamalarından sonra Ukraynada hava və digər hücumlardan qorunmaq üçün nəzərdə tutulan sığınacaqların 20%-nin təyinatı üzrə istifadə olunmadığı üzə çıxıb.
Sitat.info xəbər verir ki, bunu "Report"un Şərqi Avropa bürosuna Ukrayna strateji sənayələr nazirinin milliyyətcə azərbaycanlı olan müavini Timur Tkaçenko bildirib.
Onun sözlərinə görə, Ukraynada hazırda mülki müdafiə obyektlərinin fonduna 61 803 sığınacaq daxildir. İlin sonuna kimi daha 2956 obyekt hazır olmalıdır:
"Mütəmadi olaraq auditlər aparılır və işlərin gedişinə nəzarət olunur. Fövqəladə Hallar Xidməti mövcud binaların yenidən uçotunu aparır. Sığınacaq sayı ilə bağlı rəqəm azala bilər. Çünki bəzi sığınacaqların yararsız olduğu müəyyən edilib. Eyni zamanda, ikiqat əhəmiyyətli sığınacaqların yenidən qurulması, sıfırdan təmiri və yerləşdirilməsi davam etdirilir. İlin sonuna kimi daha 2956 obyekt hazır olmalıdır", - nazir müavini bildirib.
T.Tkaçenko vurğulayıb ki, hazırda fond bütün Ukrayna əhalisinin təxminən 50%-nin ehtiyaclarını ödəyir.