Azərbaycan və Qazaxıstan generalları görüşdü

10:20 25 Oktyabr 2023

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən Milli Müdafiə Universitetində “Hərbi təhsil və elm sahələrində əməkdaşlıq məsələləri üzrə işçi görüşü” keçirilib.

Sitat.info xəbər verir ki, Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov ilə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qazaxıstan nümayəndə heyətinə Milli Müdafiə Universitetinin tarixi, strukturu və təhsil səviyyəsinin təşkili haqqında brifinq təqdim olunub.

Daha sonra qonaqlar Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət ediblər. Hərbi İdarəetmə İnstitunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər doktoru, professor, polkovnik Bəbir Quliyev mərkəzin fəaliyyəti barədə qonaqlara məlumat verib.

Sonda birgə xatirə fotosu çəkdirilib.



Xəbər xətti