Şəhid anası oğlunun adına park saldı - Foto

10:40 26 Oktyabr 2023

Oktyabr 24-ü Qubada İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Daxili Qoşunların xüsusi təyinatlısı, “Əfsanəvi tabor”un döyüşçüsü baş çavuş Surxay Mehdiyevin xatirəsinə həsr olunan parkın açılışı olub. 

Sitat.info xəbər verir ki, tədbirin girişində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan himni səsləndirilib.

“Surxay” adı verilən parkın açılışında Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri Asəf Şirinov, 44 günlük müharibədə şəhid olmuş əsgər Tamerlan Əliyevin anası Zümrüd Əliyeva, döyüş və xidmət yoldaşı Orxan Abdullayev, Birinci Qarabağ müharibəsi veteranı Əbülfəz Rəşidov çıxış edib.

A.Şirinov çıxışı zamanı buranın Qubada Vətən müharibəsindən sonra şəhidlərə həsr olunmuş sayca 39-cu abidə olduğunu vurğulayıb.

44 günlük müharibədə tibb bacısı kimi iştirak edən şəhid anası Zümrüd Əliyeva müharibə zamanı döyüşçülərin şücaətindən danışıb və şəhidlərin adını yaşatmaq üçün bu kimi tədbirlərin vacibliyini vurğulayıb.

Öz maddi imkanları hesabına “Surxay” parkını ərsəyə gətirən şəhidin anası Rəsmiyyə Mehdiyeva bütün tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib.

Açılışda şəhid Surxay Mehdiyevin təhsil aldığı Quba rayonu H.Əliyev adına 1 nömrəli məktəbin şagirdləri şeir nümunələri səsləndirib.

Daha sonra Surxay Mehdiyevin döyüş və iş yoldaşı Orxan Abdullayev birgə xidmət etdikləri hərbi hissənin adından çıxış edərək, onun döyüş yolu haqqında məlumat verib.

Sonda isə Birinci Qarabağ müharibəsi veteranı Əbülfəz Rəşidov şəhidlərə həsr etdiyi şeiri səsləndirib.




Xəbər xətti