Bakıda “Location” gecə klubunda baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi - klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs ediliblər.
“Qafqazinfo” həbs edilən menecer Orxan Səfərovla bağlı bəzi məlumatları əldə edib. Məlum olub ki, O.Səfərov qardaşı Elşən Səfərovla birlikdə daha əvvəl Nərimanov rayonu ərazisində “Z Place” adlı gecə klubunu işlədiblər. Onlar daha sonra Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanındakı 170 kvadratmetr ərazisi olan obyekti icarəyə götürərək oranı “Location” gecə klubu adı ilə açıblar.