Nikolun müsahibəsi aranı qatdı: Ruslar qəzəbləndi

09:00 28 Oktyabr 2023

Ermənistan Baş naziri Nikol Paşinyanın “Voll Strit Jurnal” nəşrinə müsahibəsində Rusiya ilə bağlı səsləndirdiyi fikirlər iki ölkənin münasibətlərində yaranmış çatı bir az da dərinləşdirib.

Sitat.info xəbər verir ki, erməni mediası Paşinyanın “Rus sülhməramlıların Qarabağdakı proseslərin qarşısını almadığı və yaxud almaq istəmədiyi”, “Ermənistanda yerləşən Rusiya hərbi bazalarının üstünlüklərini görmədiklərini” bildirməsinin rusiyalı rəsmilər və ekspertlərin kəskin reaksiyasına səbəb olmasına diqqət çəkib.

Kreml sözçüsü Peskov Paşinyanın media vasitəsilə danışmasının yaxşı hal olmadığını vurğulayıb və dolayısı ilə iki ölkə arasında dialoqun olmamasına vurğu edib; XİN sözçüsü Mariya Zaxarova isə bildirib ki, Qərb mediasının İrəvanın rəsmi nümayəndələrinə “hücum” etdiyini, onlardan təxribatçı suallara cavab aldığını görürük: “Biz görürük ki, bu məsələlər Moskva ilə İrəvan arasında çoxplanlı əlaqələrə maksimum ziyan vurmağa yönəlib. Oxşar təxribatlar, təəssüf ki, indiki erməni reallığında işləyir”.

Ermənistana girişi qadağan edilən Dövlət Dumasının MDB Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin isə Paşinyanın Rusiya ilə münasibətlər və hərbi bazalarla bağlı artıq hər şeyi həll etdiyinə inandığını vurğulayıb:

“Paşinyan Rusiya ilə bağlı mövqeyini çoxdan qərarlaşdırıb. O, sadəcə olaraq, əsl niyyətini dərhal ortaya qoymadı. İndi o, “Qarabağ faciəsi”ndən istifadə edib, günahı Rusiyanın üzərinə yıxmaq istəyir. Paşinyan Qərbə üz tutmasını bu cür izah edir. O hesab edir ki, Rusiya ilə hesablaşmağın, KTMT-dən çıxmaq və digər gücləri regiona dəvət etməyin vaxtı çatıb. O ümid edir ki, onun davranışı Qərbdə qiymətləndiriləcək və bu, onun hakimiyyətdə qalmasına kömək edəcək”.

Rusiyalı ekspert İvan Pankin “Komsomolskaya Pravda”ya müsahibəsində deyib ki, Paşinyanın bəyanatları Ermənistanın Rusiyanı birdəfəlik tərk etmək niyyətini əks etdirir. Ekspertin fikrincə, gec-tez Ermənistanda baş verən proseslər Ermənistanın KTMT-dən çıxması və NATO-ya daxil olması ilə nəticələnəcək:

“Digər tərəfdən, Paşinyan Ermənistanın KTMT-dən çıxmadığını deyir, bildirir ki, mövqelərin razılaşdırılması prosesi gedir. Bu o deməkdir ki, Ermənistan Rusiya ilə alver etmək istəyir, lakin Ermənistanın hakim elitası KTMT-dən çıxmaq və Rusiya bazasını ölkədən çıxarmaq qərarına gəlsə, o zaman Rusiya daha buna mane ola bilməyəcək”.

Bəzi erməni mediası və ekspertlər hesab edir ki, Paşinyanın bu siyasəti Ermənistana baha başa gələcək.



Xəbər xətti