Bayramovun müavinindən sülh sazişi ilə bağlı açıqlama

17:46 30 Oktyabr 2023

Ölkəmiz sülh müqaviləsinin imzalanmasında israrlıdır. Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir.

Sitat.info xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov söyləyib.

“Azərbaycan dövləti sülh gündəliyinə sadiqdir. Bunu Prezident İlham Əliyev də hər zaman qeyd edir. Belə ki, 2021-ci ilin fevral ayında Azərbaycan Ermənistana hərtərəfli sülh sazişinin imzalanması ilə bağlı rəsmi təklif göndərmişdi. Təəssüflər olsun ki, Ermənistan tərəfi təxminən bir il ərzində bu təklifə qarşılıq vermədi. Əlavə olaraq, Azərbaycan tərəfindən 2022-ci ilin fevral ayında ilk dəfə olaraq qeyd olunan sülh sazişinin beş təməl prinsipi barədə Ermənistan tərəfinə təklif göndərilib. Eyni zamanda, beynəlxalq ictimaiyyətə, bu prosesdə yardımçı olan üçüncü ölkələrə, üçüncü tərəflərə də bu barədə məlumat verilib”, - deyə nazir müavini xatırladıb.

O əlavə edib ki, Ermənistan yalnız 2022-ci ilin avqustunda keçirilmiş növbəti görüşdən sonra Azərbaycan tərəfi ilə gələcək sülh sazişinin şərtləri üzərində müzakirələrin başlanması barədə qərar verib:

“Demək olar ki, təxminən ilyarım müddət ərzində Ermənistan ümumiyyətlə, bu təklifə qarşılıq vermirdi. Son bir il ərzindəki dövrü götürsək, bir neçə platformada sülh danışıqları aparılıb, gələcək sülh sazişinin şərtləri ilə bağlı qarşı tərəfə konkret, müfəssəl təkliflər verilib. Ermənistan da Azərbaycana şərhlərini və mövqeyini təqdim edib”.

Elnur Məmmədov vurğulayıb ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasında israrlıdır:

“Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir. Ona görə də bundan sonrakı addımlar daha çox Ermənistan tərəfindən atılmalıdır. Bu günə kimi sülh sazişinin əksər bəndləri tərəflər arasında razılaşdırılıb. Hesab edirik ki, Azərbaycan dövləti Qarabağda, ümumilikdə beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanması daha da rahatdır, asandır və imzalanma ehtimalı da yüksək olmalıdır”.



Xəbər xətti