Şəhərdə sovet simvolları qaldığı halda, Rəsulzadənin büstünün postamenti çatlayıb
Gəncədə hələ də sovet-kommunist keçmişini simvolizə edən simvollar qalmaqdadır. Bu barədə “Turan” agentliyi xəbər verib. Bildirilir ki, şəhərdə Rusiya vətəndaş müharibəsinin qəhrəmanı Vasili Çapayevin yaxşı vəziyyətdə olan divar lövhəsi-barelyefi var. Həmçinin şəhərdə bolşevik Ayna Sultanovanın xatirə lövhəsini də görmək olar. Sovet respublikalarının gerblərinin divar barelyefləri də “qorunub saxlanılıb”. Heydər Əliyev parkında, Yeni Gəncə yaşayış massivində Mirzə Şəfi Vazehin təsviri olan böyük mozaikalı pannoda qonaqların əhatəsində erməni poeziyasının “klassiki” Xaçatur Abovyanı görmək olar.
Bütün bunlara rəğmən Gəncə dəmir yolçuları parkında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin büstünün postamenti çatlayıb, iri çatlar uzaqdan görünür. Bu, 1991-ci ildən - ölkənin müstəqilliyinin bərpasından sonra Azərbaycanda ADR-in qurucusuna qoyulmuş ilk büstdür. “Rəsulzadənin çatlamış büstünün olduğu parkın baxımsız vəziyyətdə olması ADR-in elan olunduğu şəhər - Gəncə şəhər administrasiyası üçün xüsusilə utancvericidir”, - deyə xəbərdə deyilir.
Maraqlıdır, niyə hələ də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə sovet simvolları yığışdırılmır? İllərdir gündəmə gələn Rəsulzadənin büstü ilə bağlı problem niyə hələ də öz həllini tapa bilmir?
Gəncənin tanınmış ziyalılarından biri, “Cavad xan Tarix və Mədəniyyət Fondu”nun vitse-prezidenti Müzadil Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Çox təəssüflər olsun ki, Gəncədə hələ də bir neçə sovet simvollarının qalması davam edir. Şəxsən mən özüm Ayna Sultanovanın lövhəsini, Heydər Qarayev küçəsindəki işarəni görmüşəm. Hərçənd ki, deyirlər bir çox işarələrin adları rəsmi şəkildə dəyişdirilib, amma lövhələri qalmaqdadır. Bundan başqa, bolşevik liderlərinin adlarına olan küçələrin adları qalmaqdadır. Əlbəttə ki, bunlar zamanında dəyişdirilməlidir və işarələr də yerindən götürülməlidir.
Rəsulzadənin büstü məsələsinə gəldikdə, qalmaqallı, başı bəlalı büstün problemi uzun müddətdir, yəni keçmiş icra başçısının vaxtından qalır. Dəfələrlə mətbuatda, sosial şəbəkələrdə bu problem şəhər ictimaiyyəti, bizim tərəfimizdən işıqlandırılıb, amma təəssüf ki, vəziyyət olduğu kimi qalmaqdadır. Yəni park abadlaşdırılmır, büst təmir olunmur. Bunu da bir çox hallarda parkın hüquqi statusu ilə bağlayırlar. Təəssüf ki, parkın hüquqi statusu da məlum deyil. Bildiyiniz kimi, həmin park “Azərbaycan Dəmir Yolları” QSC-nin balansındadır. Bələdiyyə, icra hakimiyyəti də buna istinadən deyir ki, bu bizim balansımızda deyil, ona görə də işlər apara bilmərik. Deyirlər ki, qurum rəsmi şəkildə parkdan imtina etməli və park Kəpəz bələdiyyəsinin balansına keçməlidir, bundan sonra bələdiyyə və yaxud icra hakimiyyəti orada işlər apara bilər. Təbii ki, istək olsa, bunu etmək mümkündür. Sadəcə, heç kim bu məsələyə qol qoymaq istəmir".
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, deputat Müşfiq Cəfərov isə mövzuya bu cür şərh bildirdi: “Sözün doğrusu, şəhərdə sovet simvollarının hələ də qalması ilə bağlı detalları dəqiq bilmirəm. Əlbəttə ki, əgər bu cür simvollar hələ də qalıbsa, birmənalı şəkildə yaxşı hal deyil və qəbuledilməzdir. Bu məsələni öz tərəfimdən araşdırıb, şəhər icra hakimiyyəti qarşısında məsələ qaldırmağa çalışacam ki, bu cür simvollar qalmasın. O ki qaldı Məhəmməd Əmin Rəsulzadənin büstü ilə bağlı məsələyə, hazırda vəziyyət nə yerdədir bilmirəm. Bunu da araşdırmalıyam.
Gəncədə hazırda bir çox yerlərdə abadlıq işləri aparılır, yeni məhəllələr salınır, 15 bu cür yeni məhəllənin salınması düşünülür. Rəsulzadənin büstü və həmin parkla bağlı məsələni də gündəmə gətirərik".
Qeyd edək ki, məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı./Musavat.com