Ermənistanın Baş naziri Nikol Paşinyanın təqdim etdiyi “sülhün kəsişməsi” layihəsi ermənilər tərəfindən birmənalı qarşılanmayıb.
Sitat.info xəbər verir ki, Paşinyanın bu layihəsi Zəngəzurdan dəhliz verməyin qarşısını almaq, əvəzində sadələşdirilmiş rejimlə kommunikasiyanın açılmasına nail olmaqdır.
Erməni hüquq müdafiəçisi Avetik İxşanyan isə iddia edir ki, bu layihə reallaşarsa, Ermənistan iqtisadiyyatı 100 faiz Azərbaycan və Türkiyənin nəzarətinə keçəcək.
“Əgər Paşinyanın göstərdiyi xəritə icra olunarsa, qısa zamanda Ermənistan iqtisadiyyatı Azərbaycan və Türkiyə iqtisadiyyatından asılı olacaq və 100 faiz dağılacaq. Azərbaycanlılar İrəvanda mənzillər və obyektlər alacaq, Ermənistanın demoqrafiyası dəyişəcək. Zamanla Ermənistan Azərbaycan və Türkiyənin iqtisadi, daha sonra siyasi nəzarətinə keçəcək”, - İxşanyan iddia edib.
Erməni ekspert Karen İgityan da iddia edir ki, bu layihədən Azərbaycan və Türkiyə daha çox qazanc əldə edəcək.
Qeyd edək ki, erməni ekspertlər Paşinyanın təqdim etdiyi layihəni tənqid etsə də, burada İrəvanın əsas hədəfi düşdüyü çıxılmaz vəziyyətdən xilas olmaq, kommunikasiyanın açılması məsələsində yurisdiksiya prinsipinə nail olmaq, yəni Ermənistandan keçəcək nəqliyyat yollarına nəzarəti itirməməkdir.