"Qəzzadaki soyqırıma dəstək verən Qərb mediasının həmişəki kimi yenə də hədəfi Ərdoğandir".
Bu sözləri Sitat.info-ya açıqlamasında tanınmış jurnalist Ruslan Bəşirli deyib.
Onun sözlərinə görə, Qərb mediası hiddətlənir ki, Ərdoğan ABŞ-ın bir nömrəli diplomatı olan Blinkeni Ankara səfəri zamanı təhqir edib: "Ərdoğan şəxsən Blinkeni qəbul etməyib, Ankarada Blinken Vali yardımçısı səviyyəsində qarşılanıb. Türkiyə XİN-in rəhbəri Hakan Fidan Blinkenlə çox soyuq görüşüb, hətta Blinken Fidanla qucaqlaşmaq istəsə də Hakan Fidan ABŞ XİN rəhbərini açıq şəkildə geri itələyib. Lakin Qərb mediası bütün bunların səbəblərini izah etmir".
R. Bəşirli deyib ki, ABŞ açıq şəkildə Suriyada Türkiyənin ərazilərinə iddia edən PKK/YPG terror təşkilatına dəstək verir: "Qeyri-rəsmi məlumatlara görə, ABŞ bu terror təşkilatına 20 min tır silah-sursat verib. ABŞ 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd etdi. ABŞ Türkiyənin ən həssas yeri olan Fələstin məsələsində İsraili qətliamlara işğala təşviq edir ki, bu işğal uzaq gələcəkdə (bəlkə də yaxın gələcəkdə) Türkiyənin ərazi bütövlüyünü də təhdid edə bilər".
O qeyd edib ki, ABŞ və Qərb ölkələri Türkiyəyə Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyi üçün, Liviyada, Suriyada addımlarına görə sanksiyalar və s. tətbiq ediblər: "Yəni Vaşinqtonun Türkiyəyə münasibəti müttəfiqdən çox düşmən münasibəti olub. Bütün bunlar təbii ki, Türkiyənin atdığı addımlarda da öz təsirini göstərir və göstərəcək".
Məğrur
Sitat.info