Yutubda Xankəndi Paradına baxıram. Təkrar-təkrar baxıram, doymuram. Tanrı hamıya sevinc göz yaşları nəsib etsin! Sevincdən ağlamaq, özgüvənlə şükr etmək, minnətdarlıq etmək necə gözəlmiş...
Heyrət edirəm: dünyanın ən nəhəng hadisəsi bir şəhərə necə sığdırılıb! Bu Parad ölçüyəgəlməz böyüklükdə, miqyasdadır axı. Yerə necə sığa bilər? Bizim Xankəndi arzumuz yüz min Xankəndi boydaydı, bir Xankəndiyə necə sığıb? Axı bu bizim yüz illik hekayəmizdir - olmazsa olmazımız, bütövlük qalamız, qeyri-adi hekayəmiz; Yer hadisəsi kimi görünsə də, Göy hadisəsi! Bizim hadisəmiz - ayrı-ayrılıqda hər birimizin, bütövlükdə hamımızın; Qarabağı özünə tale seçən hər bir azərbaycanlının çin olmuş arzusu. “Arzun çin olsun” deyə bir alqışımız var, eynən onun kimi.
Möcüzədir. Sanki gözümüzün önündə möcüzə baş verir. Düz üç ildir ki, möcüzə kimi olayların ortasındayıq.
Üç il öncə gündəliyimiz, yeknəsəqliyimiz qəfil dağıldı. Klassik gözlənilməzlik... Otuz il öyrəşdiyin, alışdığın astagəl ritm anidən, gözləmədiyin şəkildə dəyişir. Qəlbin sürətlə döyünməyə başlayır. Elə bil vurulursan, eşqə mübtəla olursan və səni saran hər şey, özün, ətrafın dəyişir, gözəlləşir, ruhun, qəddin dikəlir. Film kimi, nağıl kimi, amma həm də real.
O dəyişikliyin adı Savaş idi...
Öncə Savaş idi. Sərt bir soyuqluq, sazaq, hətta amansızlıq var bu ifadədə, bilirəm. Amma mövzu biziksə, mövzu Qarabağdırsa, Vətəndirsə, məsələ dəyişir. İsinir, qızınır bu söz. Biz öncə bu sözü sevdik. Məğlubiyyət sindromuyla əzik-əzik olmuş ruhumuz bu sevgiylə dirçəldi. Təsəvvür edə bilirsinizmi, insan savaşı, yəni qanı, ölüm-dirimi necə sevə bilər?! Amma biz sevdik. Sizin də kəndiniz, şəhəriniz işğal olunsaydı, eviniz yağmalansaydı, cocuqluğunuz-gəncliyiniz əlinizdən alınsaydı, bəlkə məni anlayardınız. Siz əgər 30 il əvvəlki Füzuli şəhəri ilə 30 il sonrakı Füzulini görmüş olsaydınız, yenə də anlardınız. 30 il əvvəlki Kəlbəcəri 30 il sonra Kəlbəcərdə axtarsaydınız, anlayardınız nə demək istədiyimi...
Kəndiniz işğal olunmasın, eviniz yağmalanmasın, uşaqlıq travmalarının ağrılarını daşımayasınız. Bəlkə də yaşamadığınız üçün anlamırsınız azərbaycanlıların iztirablarını. Əslində anlayış da gözləmirik. Çünki biz son 3 ildə baş verənlərdən danışanda sanki başqa dildə danışırıq. Yer dilində yox, Göy dilində. Biz axı zatən Göydən gəlmişik...
3 ildir ki, biz əsl Taleyimizi yaşayırıq - Zəfər taleyimizi. 30 il əvvəl dəyişən, dəyişdirilən taleyimiz itirdiyi yolu, izi, cığırı nəhayət, tapıb. Həyatımızı, nəbzimizi Şuşayla yüksəltmişik. Şuşa ilə nəfəs alırıq. Şuşa kimdədirsə, qalib odur, deyiblər. Şuşa bizdədir və bu qaliblik, müzəffərlik hissi adama misilsiz güc-qüvvət, qol-qanad verir...
Sözün gözəlliyinə baxın: Şuşa! Doluluğuna baxın... “Şuşa” deyəndə elə bilirsən, göyün yeddinci qatındasan və əslində Şuşa elə göyün yeddinci qatıdır.
Və 3 ilə yaxın intizardan sonra bu yüksəkliyə Xankəndi də qatılıb. Biz indi həyatımızı Xanın kəndiylə şəkilləndiririk. Addakı əsalətə baxın: Xankəndi. Bu şəhər sözün həqiqi mənasında Xan şəhəridir və ucalığın bir başqa mərtəbəsidir. Bu şəhəri bizim babalarımız - Qarabağ xanları tikib və İbrahimxəlil xanın oğlu Mehdiqulu xan öz xanımına - Pəricahan bəyimə hədiyyə edib. Tarixdən baxsaq, Azərbaycanın cavan şəhərlərindəndir. Tarixdən baxsaq... Tarix təkərrür edir; İlham Əliyev Qələbə Paradına, Xankəndiyə həyat yoldaşı - Mehriban xanımla getmişdi və şəhər gözəlləşmişdi, tam anlamıyla, cazibəsiylə, tutqusuyla Xan Kəndi olmuşdu, Sevgi Şəhəri olmuşdu...
Atalarımız deyiblər bunu yəqin ki; cənnəti bu dünyada qazanmaq... Məncə, İlham Əliyevin Prezidentliyi, Ali Baş Komandanlığı, Liderliyi Azərbaycanın başına gəlmiş ən nadir və ən möhtəşəm hadisədir. Tanrı lütfüdür 50 milyon insanın sevgisini, duasını, alqışını və cənnəti bu dünyada qazanmaq. İlham Əliyev bu ölkənin əzəməti, qüruru, şücaətinin və gücünün simvoludur. Çünki 50 milyon insanın dərdinin, xəstəliyinin çarəsini də tapdı, əlacını da...
Gözünüzün önünə bir tablo gətirin; hər şey bombozdur. Gördüyünüz hər şey; yer də, göy də, adamlar da, ağaclar da. Və indi sanki o tablo usta bir rəssam tərəfindən boyanır. Ən parlaq rənglərlə. Yer öz rəngində, Göy öz rəngində, ağaclar yamyaşıl, insanlar bayram libasında. Günəş öz yerinə, Ay öz yerinə qoyulur. Qarabağ zəfəri, bax, budur, boz-bulanıq həyatımızı al-əlvan edib, ləyaqətimizi, şərəfimizi özümüzə qaytarıb, sevincimizi, fərəhimizi yağış kimi gözümüzə, könlümüzə yağdırıb, bizi xoşbəxtlərin xoşbəxti edib. Yəni, ən qısası, xəstə yatağından ayağa qalxmışıq. Başımız dik, alnımız açıq, üzümüz ağdır. Dirilmişik, dirçəlmişik. Ürəkdən gülməyi, sevincdən ağlamağı, torpaqla qucaqlaşmağı, Vətənlə rəqs etməyi, 30 illik məşəqqətin əvəzini doya-doya çıxmağı - dünyanın, insanlığın ən şövqlü, ən işıqlı duyğularını yaşamağı, məğrurluğu bəxş ediblər bizə.
Qalibiyyət möhtəşəm məqamdı - özünün, evinin, ölkənin sahibi olmaq. Xoşbəxt olmaq, vətəndaş kimi, insan kimi, azərbaycanlı kimi... Ürəyini hiss etmək, sevgini hiss etmək, qüruru hiss etmək, ruhunun vəcdini hiss etmək...
30 ilin yaşanmamışlıqları sanki bir anın içində yaşandı Xankəndidə Üçrəngli bayrağın dalğalanmaslyla - zəfər həm də budur, Zəfər paradı belə olur! Bu yürüş həm də dövlətçilik ənənələrinin davamıdır. 1919-cu ildə yavru Cümhuriyyət də hərbi paradını bu şəhərdə keçirdi. 2023-də ənənələrə, dəyərlər sisteminə sadiqlik özünü təkrar göstərir; Ali Baş Komandan Ordusunun Zəfər paradını məhz Xankəndidə izləyir...
Azərbaycanlılar bu şəhərdən yüz il əvvəl dışlanmışdı. Amma biz ruhun bədənə qayıtdığı kimi qayıtdıq o şəhərə. Bayraqla qayıtdıq, Orduyla qayıtdıq, müzəffər Ali Baş Komandanla qayıtdıq. Bayraq Adamlarla qayıtdıq...
Bayraq Adamlarımızı xatırlayıram, təkbaşına erməni silahlıları ilə döyüşən Natiq Qasımovun 5 gün ac-susuz qaldığı alban kilsəsi Xankəndi yaxınlığında, Xocalıdadır...
Təslim olanda belə Bayrağı təslim etməyən gənc və yaraşıqlı Natiqin müqəddəs enerjisi, qəhrəman ruhu ordadır və indi şaddır. Xankəndi qələbəsiylə Natiqin də qisası alındı...
Yaralı Xocalının da ruhu şaddır. Günahsız Xocalı sakinlərinin, öldürülən, şikəst edilən, təcavüz edilən, əsir götürülən insanlarımızın havalanmış ruhları da artıq dinclik tapar...
Qarabağ uğrunda şəhid olmuş bütün insanlarımızın ruhu şad olsun!
İndi yalnız Qarabağ yenidən qurulmur ki! İnsanlarımız da yenidən qurulur bu ölkədə. Böyüyürük, bütövləşirik, inşa edilirik...
Şükürlər olsun bu səadəti bizə yaşadanlara!
Şükürlər olsun bu Qələbənin böyüklüyünə!!!/Axar.az