“Azəriqaz” rəhbəri Birliyin ünvanına səsləndirilən fikirlərə münasibət bildirib

22:43 6 Aprel 2022

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev sosial şəbəkələrdə Birliyin ünvanına səsləndirilən fikirlərə münasibət bildirib.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, R.Əliyev bununla bağlı feysbuk səhifəsində yazıb.

"Dəyərli dostlar, hörmətli SOCAR “Azəriqaz” İB-nin kollektivi! Son günlər sosial şəbəkələrdə Birliyin ünvanına əsaslı və ya əsassız şəkildə səsləndirilən fikirlərə verilən reaksiyalar lazımsız fikirlər formalaşdırır. Sanki bu reaksiyaların bir əldən, konkret Birlik rəhbərliyi tərəfindən yönləndirildiyi təəssüratı yaranır. Halbuki Birliyin rəhbəri olaraq, hər zaman bəyan etmişəm ki, əgər ədalətsiz tənqidlərin kökündə bir faiz olsa belə həqiqət varsa, məqsəd ittihamlara cavab yox, həmin o bir faizlik həqiqətin təmin edilməsi olmalıdır. Çünki inkişafımız, etibarımız tənqidlərdən nəticə çıxarmağımızdan çox asılıdır. Bu baxımdan xahiş edirəm, əgər kimlərsə dostluq və ya kimlərsə çalışdığı qurumun mövqeyini müdafiə etmək naminə nəsə etmək istəyirsə, anlayışlı olsunlar.

Sosial şəbəkələrdə səsləndirilən problemləri aidiyyəti şöbələrə yönləndirsinlər ki, məsələ tez bir zamanda öz həllini tapsın. Ümidvaram ki, yanlış fikirlərin formalaşmaması naminə diqqətli olacağıq. Sayğılar!", - R.Əliyev qeyd edib.



Xəbər xətti