Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının daha bir il uzadılması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərib.
Sitat.info xəbər verir ki, qanun layihəsində Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazidəki qeyri-qanuni rejimin tamamilə ləğv olunduğu, amma Azərbaycanla Ermənistan arasında hələ yekun sülh sazişinin imzalanmadığı qeyd olunub.
Bildirilib ki, Türkiyə regionda sülh və sabitliyin qorunması üçün töhfələr verməyə davam edəcək.
Həmçinin qeyd olunub ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin işi uğurla davam etdirilir:
“Türkiyə bu mərkəz vasitəsilə də regionun təhlükəsizliyinə və tərəflər arasında etimad mühitinin yaranmasına töhfə verir”.
Qanun layihəsində yazılıb ki, Türkiyə Silahlı Qüvvələrinin Birgə Monitorinq Mərkəzindəki fəaliyyəti Türkiyənin regionda konstruktiv rolunun tələbidir.
Türkiyə ordusunun mandatının noyabrın 17-dən etibarən daha bir il uzadılması vurğulanıb.
Qanun layihəsinin bu həftə TBMM-də müzakirə olunacağı gözlənilir.
Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.
2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.