Hazırda əsas məsələlərdən biri Ermənistanın silahlandırılması məsələsidir. Azərbaycan XİN də yaydığı bəyanatla dövlətimizin münasibətini rəsmi şəkildə elan etdi. Sülh sazişinin imzalanmadığı bir şəraitdə Ermənistanın silahlanmasını ölkəmizə qarşı aqressiyanın davamı hesab etmək olar və bu, qəbuledilməzdir. Digər diqqətçəkən ikinci əsas məqam isə Gürcüstanla bağlıdır.
Sitat.info xəbər verir ki, bu sözləri Axar.az-a Fransa tərəfindən Ermənistana göndərilən zirehli texnikasının Gürcüstan ərazisindən daşınması haqqında danışan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov deyib.
Ekspert aktiv hərbi əməliyyatlar fazasında olmadığımız üçün belə daşınmaların qarşısının alınmasının çətin olduğunu bildirib:
“Ermənistanın dörd ölkə ilə quru sərhədi var, Türkiyə və Azərbaycanla sərhədlər bağlı olduğu üçün geriyə İran və Gürcüstan qalır. Hindistandan alınan silahların, hərbi texnikanın İran, Fransa və digər Avropa ölkələrindən göndərilənlərin isə Gürcüstan üzərindən daşınması müzakirə edilirdi. Daşınan silah və hərbi texnika mütləq şəkildə reqlamentləşdirilməlidir. Yəni Ermənistan ilə Fransa arasında müvafiq saziş olmalı və bu, eyni zamanda rəsmi Tiflisə də təqdim edilməlidir. Prosesin həyata keçirilməsi üçün isə Gürcüstan Müdafiə Nazirliyinin xüsusi icazəsi lazımdır. O ki qaldı Azərbaycanla münasibətlərə, fikrimcə, bu məsələ ikitərəfli münasibətlərə ciddi təsir göstərməyəcək. Xarici İşlər Nazirliyinin də sözügedən faktla bağlı verdiyi rəsmi açıqlamada Gürcüstanın adı çəkilmir. Rəsmi Tiflis 44 günlük müharibə dövründə hər iki tərəfə öz ərazisindən silah daşınmasına icazə verməyəcəyini bəyan etdi. Bu da anlaşılan idi. Doğrudur, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasa da, aktiv hərbi əməliyyat getmədiyi üçün daşınmaya sülh dövründə həyata keçirilən saziş şərti kimi baxılır. Digər tərəfdən indiki məqamda Azərbaycan Gürcüstanı Ermənistanla danışıqlar üçün ən məqbul yer hesab edir. Bütün sadaladıqlarımız fonunda, əlbəttə, rəsmi İrəvanın silahlanması qəbuledilməzdir, lakin aktiv müharibə fazasında olmadığımız üçün bunun qarşısını almaq çox çətindir”.
Qeyd edək ki, 10 noyabr gecəsi Fransanın “Acmat” şirkətinin istehsalı olan çoxməqsədli “Bastion” zirehli texnikası Gürcüstanın Poti limanına çatdırılıb, sonra isə ölkə ərazisindən Ermənistana göndərilib.