Hazır olun, onlar da Bakıya təhvil verilir - Qazaryan

11:15 14 Noyabr 2023

Hazır olun, Ermənistanın bütün keçmiş prezidentləri, müdafiə nazirləri, Silahlı Qüvvələrin Baş Qərargah rəisləri Azərbaycana təhvil veriləcək.

Sitat.info xəbər verir ki, bunu erməni ictimai-siyasi xadim Edqar Qazaryan deyib.

O, Ermənistanın baş nazirinin Fransa səfərinin detallarına diqqət çəkib:

“Paşinyanın Parisdə kiminlə görüşdüyünü bilirsiniz? Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru ilə! Mən bilmək istəyirəm ki, baş naziri onunla nəyi müzakirə edib? Düşünürəm ki, Roma Statutunu ratifikasiya etməyimiz sadəcə başlanğıcdır. Hazır olun, Ermənistanın bütün keçmiş prezidentləri, müdafiə nazirləri, Silahlı Qüvvələrin baş qərargah rəisləri hərbi cinayətkar kimi Azərbaycana təhvil veriləcəklər. Bütün keçmiş hərbi və siyasi liderlərimiz Bakıya göndəriləcək. Roma Statutunda “Ermənistan vətəndaşları tərəfindən törədilən müharibə cinayətləri” bölməsi var. Yəni Levon Ter-Petrosyandan Serj Sərkisyana kimi hamısı məsuliyyət daşıyır”.

E.Qazaryan Nikol Paşinyanın Şuşaya səfərini xatırladaraq mühakimə oluna biləcəyini deyib:

“Paşinyan elə bilir ki, bununla məsuliyyətdən qaça biləcək. Lakin bir şeyi gözdən qaçırır, siyahının sonunda o var. Paşinyan 1991-ci il Alma-Ata Bəyannaməsinə görə Qarabağın Azərbaycan torpağı olduğunu dedi. Bəs o zaman 2018-ci ildə baş nazir seçildikdən sonra mayın 8-də Şuşaya səfər edərkən pasportunda Azərbaycan möhürü vardımı? Gedib “artsax müdafiə ordusu” ilə iclas keçirdi. Bakı bu qüvvələri terrorçu təşkilat kimi qəbul edir. Yəni hazırda həbsdə olan Levon Mnatsakanyan bu təşkilatın komandanı olub. Paşinyan Mnatsakanyanla görüşüb ordunun düşmənə (red. – Azərbaycanı nəzərdə tutur) zərbə endirməyə hazır olduğunu demişdi. Yəni Roma Statutuna əsasən o özü də hərbi cinayətkar kimi mühakimə olunacaq”.



Xəbər xətti