Elçin Quliyev generalı yola saldı

16:26 15 Noyabr 2023

Bir müddət öncə sağlamlığında olan problemlərə görə, öz müraciəti əsasında Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsinin rəisi vəzifəsindən azad olunan general-mayor Ayaz Hüseynov Silahlı Qüvvələrin ehtiyatına buraxılıb.

Sitat.info Unikal.az-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev generalı qəbul edərək onun çalışdığı illər ərzində böyük xidmətləri olduğunu diqqətə çatdırıb, peşə fəa­liy­­yətini yüksək qiymətləndirib.

Elçin Quliyevin tapşırığı əsasında Xidmət rəisinin müavini general-leytenant Cavid Abdullayevin iştirakı ilə Ayaz Hüseynovun hörmətlə yola salınması üçün onun tabeliyində olmuş şəxsi heyətlə səmimi bir görüş də keçirilib.

C. Abdullayev isə görüşdə bildirib ki, Xidmət rəhbəri Ayaz Hüseynova Dövlət Sərhəd Xidmətində fəaliyyətini davam etdirməyi təkidlə təklif etsə də, bir müddət öncə keçirdiyi avtomobil qəzasının səhhətində yaratdığı problemlər səbəbindən işləməkdən imtina edib.

Görüşün sonunda A. Hüseynov çalışdığı müddətdə ona göstərilən etimad və diqqətə görə ölkə rəhbərliyinə və xidmət rəisinə dərin münnətdarlığını bildirib.

Qeyd edək ki, Ayaz Hüseynov Dövlət Sərhəd Xidmətində 20 ildən artıq bir müddətdə qüsursuz xidmət edib. Vətənpərvərliyi, döv­lətə sədaqəti və peşəkarlığı ilə seçilən zabit olduğu üçün onun xidməti fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Tərəqqi” medalları ilə təltif edilib. Gənc yaşlarından general-mayor rütbəsinə layiq görülərək, ölkənin ən gənc generallarının sırasına daxil olub. 44 günlük müharibədən sonra ölkə başçısının Sərəncamı ilə “Vətənə xidmətə görə ordeni” ilə təltif olunub. Müharibə veteranıdır.

General-mayor Ayaz Hüseynovun bundan sonra hansı işlə məşğul olacağını öyrənmək üçün dəfələrlə onunla əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab vermədi.



Xəbər xətti