Jirinovskinin gəbərməsi

09:55 7 Aprel 2022

Jirinovski nəhayət öldü. İndi yəqin bəzi “müdrik ağsaqqallar” deyəcəklər: “Ölünün yaxasını buraxaq, dalıyca danışmayaq” və sairə. Bu poza çox iyrəncdir. Və Jirik haqda da ana dilimizdə olan yaxşı ifadədən istifadə eləməliyik. Ona “öldü” demək olmaz. Gəbərdi deməliyik. Dünyadan bir murdarlıq azaldı. Çünki bu təlxəyin uzun illər Rusiya siyasi elitasında yer tutması məhz dünyanı çirkaba bulamağa xidmət edirdi. Jirinovski indi Buçada, Ukraynada dünyanı dəhşətə gətirən əsl Rusiyanın simvollarından biridir. Putinin mənəvi (bilmirəm burada bu söz nə qədər yerinə düşür) atalarından biri məhz Jirinovski idi. Volfoviçin illər öncə uladığını Putin sonralar həyata keçirərdi. Jirinovski minlərlə günahsız insanın qanına bais olub, ona sadəcə rejimin təlxəyi, imperiyanın klounu kimi baxmaq düz deyil.

Dünən Bakının bir rayonundan da ölüm-itim xəbərləri vardı və videokadrlar dəhşət saçırdı: yolun qırağında iki ölü uzanıb, kimsə zarıyaraq ağlayır... İzahı olmasa, rus ordusunun Ukraynanın hansısa şəhərində əməliyyatından kadr adıyla xarici telekanallarda göstərmək mümkün idi. Lakin bu qanlı olay bizim sabitlik şəraitində, dinc Bakının göbəyində törədilib. Adam (bunu da bilmirəm nə qədər düz yazdım) keçmiş arvadını güllələyib öldürüb, sonra isə özünü vurub - ilkin izahat bu cür verilmişdir.

Ramazan ayında, gündüz vaxtı keçmiş arvadını öldürmək günahdırmı, mən bilmirəm. Eyni zamanda uca millətimiz arasında geniş yayılmış bu maniakal “eşq-məhəbbət” oyunlarına son qoymağa çağırıram. Keçmiş arvadını öldürən “erkəklər” nə birincidir, nə də çox təəssüf, belə getsə axırıncı. Camaatımız nə evlənməyi adam kimi bacarır, nə boşanmağı. Boşanır, sonra gedir düşür bədbəxt qadının ardıyca. İzləyir, işgəncə verir, söyür, təhqir edir və sairə. Məhəllə basqısı, qədeş-mədeş temaları, nə bilim, ağsaqqal-ağbirçək öyüdləri bu işlərdə nə qədər rol oynayır, qoy onu olmayan sosioloqlarımız, cadu-piti ilə müalicə aparan psixoloqlarımız araşdırsın. Ancaq ailə alınmayıbsa, ömrü bitirməyin heç bir anlamı yoxdur. Ər və xüsusilə arvad qıtlığı yaşamırıq axı. Allaha şükür, bizdə bunlar şəkər tozu və duru yağdan çoxdur. Bəs, a millət, niyə bir-birinizi qırırsınız? Təzə arvad (kişi, məşuq, sevgili, sponsor və sairə) tapmaq çətin deyil axı. Nəyin yoxluğunu yaşayırsınız siz? Bir-birinizi niyə öldürürsünüz?

Vallah, mənim burada yazdığım cızmaqara bir tərəfə qalsın, ancaq içində yaşadığımız müqəddəs Ramazan ayı sizin gözünüzü tökəcək. Arvadı öldürüb intihar eləməklə canınızı qurtardığınızı zənn edirsiniz, lakin sizi körpünün yanında görmək istərdim. Hansı körpüdür, yaxşı bilirsiniz.

Sözgəlişi, indi ağlıma gəldi ki, yəqin Çeçenistan lideri Ramzan müəllimin adı müqəddəs ayın adından götürülübdür. Və indi Ramzan müəllim iki pravoslav xalqdan birinə qoşulub ona heç bir dəxli olmayan territoriyada günahsız insanların qanını axıdır. Təmiz dissonansdır.

Sonda bir yazı başlığı gördüm, ona münasibətimi açıqlayım: “Tanınmışlar Şuşada hansı tədbirlərin keçirilməsini istəyir?” Doğrudur, mən tanınmış deyiləm, bu sözdən, ümumiyyətlə, zəhləm gedir, ancaq istəyirəm nəhayət şuşalılar öz evlərinə qayıdıb yaşasınlar. Şuşada tədbirlərin keçirilməsi yaxşıdır, lakin ən birinci və vacibi orada camaatın yaşamasıdır. Ən azından evləri salamat qalan adamların qayıtmasına şərait yaradılmalıdır. Şəhəri şəhər eləyən onun sakinləridir./Musavat.com



Xəbər xətti